...

İqbal Ağazadə: "Ümid Partiyası bələdiyyə seçkilərində iştirak edəcək"

Siyasət Materials 20 İyun 2006 19:53 (UTC +04:00)

Ümid Partiyası bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

O bildirib ki, Ümid Partiyasının Rəyasət Heyətinin iclasında bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb. İ.Ağazadənin sözlərinə görə, partiya üzvləri bələdiyyə seçkilərində iştirakın tərəfdarıdırlar. "Biz boş qalmış 82 bələdiyyənin aid olduğu rayonlardakı şöbələrimizi iclasa çağırdıq ki, onlar yerdəki vəziyyəti təhlil etsinlər. Vəziyyəti təhlil etdikdən sonra yerlərdəki vəziyyəti müsbət qiymətləndirdik. Amma son qərarı gələn həftənin şənbə günü təkrar bələiyyə seçkilərinin keçiriləcəyi rayonlardakı şöbələrimiz verəcək. Mən hesab edirəm ki, müsbət qərar veriləcək və Ümid Partiyası seçkilərdə iştirak edəcək".

İ.Ağazadə qeyd edib ki, Ümid Partiyası seçkilərin boykot olunması qərarını dəstəkləmir: "Biz seçkilər yolu ilə hakimiyyətin müxtəlif qollarında təmsilçiliyimizi təmin etmək niyyətindəyik".

İ.Ağazadə onu da deyib ki, Ümid Partiyasının daxil olduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi iyunun 21-də keçiriləcək iclasında bələdiyyə seçkilərini müzakirəyə çıxaracaq. Mərkəz seçkidə iştirak edib-etməməklə bağlı qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti