Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri Gültəkin Hacıyeva və Fəzail İbrahimli Avropa Şurasının ekologiya və ətraf mühit komitəsinin rəhbərliyi ilə görüşüb. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.
Gültəkin Hacıyeva bildirib ki, görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi yanğınlar müzakirə olunub: "Biz komitə üzvlərinə ermənilərin vandalizm aktları barədə məlumat verdik. Bildirdik ki. ermənilərin Azərbaycan ərazilərində qəsdən yanğınlar törətmələri regionun ekoloji tarazlığını pozur, ətraf mühitə ciddi zərər yetirir".
Millət vəkili onu da qeyd edib ki, bu məsələ AŞPA-nın Avropa Demokratları Siyasi Qrupunda da müzakirə olunub: "Nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və digər üzvlər məsələ ilə bağlı tutarlı çıxışlar ediblər. Ermənistanın spikeri, nümayəndə heyətinin rəhbəri Tiqran Torasyan bu məsələni araşdıracağına və qrupa məlumat verəcəyinə söz verib".