...

DAK son iki ildə Güney Azərbaycanda baş verənlərlə bağlı geniş hesabat hazırlayır

Siyasət Materials 7 İyul 2006 12:40 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanla bağlı geniş hesabat hazırlayır. Bu barədə Trend ə DAK-dan məlumat verilib. Hesabat son iki ili əhatə edir və Güney azərbaycanlılara qarşı edilən təzyiqlər, həbslər, repressiya və assimliyasiya siyasətini əks etdirir.

DAK digər təşkilatların da köməyi ilə azərbaycanlılara qarşı törədilmiş hadisələr, həbs olunanlar, qətlə yetirilənlər, yaralananlar barədə məlumatları toplayır, onları faktlaşdırır. Həmçinin Güneydə azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılmasına dair faktlar, fotoşəkillər toplanır. Bu ilin mart ayından başlanan kütləvi etiraz dalğası nəticəsində baş verən hadisələr barədə də məlumatlar, faktlar toplanılır. Bütün bu faktları əks etdirən geniş hesabat təxminən bir aya qədər başa çatdırılacaq, sonra isə onun təqdimat mərasimi keçiriləcək. Hesabat ingilis, fransız, fars dillərinə də tərcümə olunaraq bütün beynəlxalq təşkilatlara göndəriləcək.

Hesabata iki il ərzində baş verənlərin xronologiyası daxil edilməklə bərabər, həm də göstəriləcək ki, İranda Güney azərbaycanlılara qarşı soyqırım siyasəti aparılır. Soyqırım təkcə insanları fiziki cəhətdən qətlə yetirmək deyil, həm də psixoloji soyqırıma, assimliyasiyaya məruz qoymaq, dilindən, milli kökündən ayırmaqla bu xalqı məhv etmək deməkdir. Hesabatda beynəlxalq təşkilatlara müraciətlər ediləcək, Güney Azərbaycanda baş verən faciələrin dünya miqyasında diqqətdə saxlanmasına çağırışlar olacaq.

Qeyd edək ki, artıq 70 səhifəlik hesabat hazırlanıb və iş davam etdirilir. Sənədin təxminən 150-200 səhifəlik olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti