...

Əli Həsənov: "Bundan sonra hansısa bir ölkə Azərbaycan neftinin xaricə çıxarılması üzərində siyasət apara bilməyəcək"

Siyasət Materials 14 İyul 2006 18:49 (UTC +04:00)

"Bundan sonra heç vaxt hansısa bir ölkə Azərbaycan neftinin xaricə çıxarılması üzərində siyasət apara bilməyəcək". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyədə təntənəli açılış mərasiminin keçirilməsi barədə danışarkən bu iri layihənin Azərbaycan üçün siyasi əhəmiyyətinə də toxunub. Əli Həsənovun sözlərinə görə, BTC-nin Azərbaycan üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımızda mühüm rol oynayan Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məsələsi həllini tapıb: "Yəni, bundan sonra heç vaxt hansısa ölkə Azərbaycan neftinin xarici bazarlara çıxarılması ilə bağlı siyasət yürüdə bilməyəcək. Azərbaycan özü sərbəst şəkildə bir neçə marşrut üzrə malik olduğu neftini dünya bazarlarına çıxaracaq, dünya bazarı qiymətlərinə satacaq və qazancını öz xalqının ehtiyaclarının ödənməsinə yönəldəcək. Layihənin ikinci əhəmiyyəti isə odur ki, Azərbaycan bu gün dünyanın aparıcı neft ölkələrindən biri kimi, dünyanın artan enerji tələbatlarının qarşısında mühüm əhəmiyyət kəsb edən dövlətə çevrilib. Avropada neft və qaz məhsullarına təlabat getdikcə artır və bu təlabatın ödənməsində neft ölkələri bir qədər çətinlik çəkirlər. Azərbaycanın bu bazara daxil olması ölkəmizin dünyada rolunu daha da artırır. Bu isə o deməkdir ki, dünyanın mövcud ehtiyaclarının ödənilməsində rol oynayan ölkə həm də dünya siyasətində siyasi baxımdan mühüm yer tutur"-deyə Ə.Həsənov vurğulayıb.

Əli Həsənov jurnalistlərin suallarını cavablandırarkən onu da deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya qeyri-rəsmi səfərə dəvət olunub. Lakin səfərin vaxtı və digər təfərrüatları barədə Prezident Aparatının mətbuat xidməti lazımi vaxtda açıqlama verəcək.

Xəbər lenti

Xəbər lenti