...

Novruz Məmmədov: Azərbaycan Livan-İsrail böhranı ilə bağlı mövqeyini Kuala-Lumpurda bildirəcək

Siyasət Materials 2 Avqust 2006 19:07 (UTC +04:00)

Azərbaycan Livan-İsrail böhranı ilə bağlı mövqeyini İslam Konfransı Təşkilatı (İKT) üzvlərinin növbədənkənar zirvə görüşünün keçiriləcəyi Kuala-Lumpurda bildirəcək. Bu barədə Trend ə Prezident Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, İKT dövlət başçıları, hökumət başçıları və xarici işlər nazirləri mövqeylərini formulə etmək üçün avqustun 3-də Malayziyanın paytaxtında toplaşacaq. Azərbaycan tərəfi öz mövqeyni bildirəcək və qərarın qəbul edilməsində iştirak edəcək. N.Məmmədov qeyd edib ki, zirvə görüşündə Azərbaycan nümayəndə heyətinə baş nazir Artur Rəsizadə rəhbərlik edəcək.

Qeyd edək ki, görüşdə İslam ictimaiyyətinin Yaxın Şərq böhranı ilə bağlı mövqeyini əks etdirəcək bəyannamənin qəbul olunması planlaşdırılır.

Bəyanatda İsrailin Livan ərazisindəki aqressiv hərəkətlərinin pislənməsi ehtimal olunur. Bundan əlavə, sənəddə Livanın Tel-Əviv tərəfindən işğal olunmuş torpaqlarında qayda-qanunun bərpası məqsədilə atəşin təcili və şərtsiz dayandırılmasına çağırış da olacaq. Eyni zamanda İcraiyyə Komitəsinin növbədənkənar iclasında Livan-İsrail münaqişəsinin nizamlanmasında həlledici rol oynaya bilən beynəlxalq sülhməramlı qüvvələrin formalaşdırılması üzrə tədbirlər müzakirə olunacaq.

İKT 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Rabatda (Mərakeş) keçirilən görüşündə yaradılıb. Hazırda İKT-nin 57 üzvü və 10 müşahidəçisi var. 1992-ci ildə təşkilata Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, 1995-ci ildə Qazaxıstan, 1996-cı ildə isə Özbəkistan daxil olub.

Xəbər lenti

Xəbər lenti