...

Səfir: Səfirlik hələlik Moskva tikintisində zəhərlənmiş bir Azərbaycan vətəndaşını aşkarlayıb

Siyasət Materials 16 Avqust 2006 20:47 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfirliyi İvanseyevka qəsəbəsindəki xəstəxanada Moskvadakı tikinti şirkətlərindən birində ərzaq məhsullarından zəhərlənmiş bir Azərbaycan vətəndaşını aşkarlayıb. Bu barədə jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, 1975-ci il təvəllüdlü Ceyhun Hüseynovun vəziyyəti orta ağırdır, hərarəti var. Səfirlik zərər çəkənə maddi və digər lazımi yardım göstərir.

Xatırladaq ki, avqustun 16-da Rusiyanın baş sanitar həkimi, "Rospotrebnadzor"un rəhbəri Gennadi Onişenko bəyan edib ki, Moskvada və Moskvaətrafında bir neçə tikinti şirkətinin 200-dən çox işçisi salmonellez diaqnozu ilə xəstəxənaya yerləşdirilib. Zərər çəkənlərin hamısı Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır.

Ehtimallara görə, onlar bu xəstəliyə Türkiyə vətəndaşının rəhbərlik etdiyi "Deniz" MMC-yə çatdırılan ərzaq məhsulları vasitəsilə tutulub. Hazırda müəssisə bağlıdır, təhqiqat materialları isə prokurorluğa təqdim olunub.

P.Bülbüloğlunun sözlərinə görə, səfirliyin əməkdaşları 5 Moskva klinasına müraciət edib. Diplomatın dediklərinə əsasən, zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının axtarışı davam edir.

Xəbər lenti

Xəbər lenti