...

Prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafı haqqında fərman verib

Siyasət Materials 18 Avqust 2006 12:46 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev ədliyyə orqanlarının inkişafı haqqında fərman verib. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Fərman vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, informasiya təminatının yaxşılaşdırılması, peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədi ilə verilib.

Fərmanda Ədliyyə Nazirliyinin strukturunda yeni qurumların - bir neçə Baş İdarənin, şöbələrin və Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi əsasında Ədliyyə Akademiyasının yaradılması tapşırığı verilib. Ədliyyə Nazirliyinin strukturuna daxil olan Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Məhkəmə Ekspertizası Elmi Tədqiqat, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu müvafiq olaraq, Penitensiar xidmət və Məhkəmə Ekspertizası Mərkəzi adlandırılacaq.

Fərmanda Ədliyyə Nazirliyi strukturunun təsdiq olunması, nazirliyinin mərkəzi aparatı işçilərinin say həddinin 344 ştat vahidi müəyyən edilməsi, nazirlik kollegiyasının tərkibinin təsdiqlənməsi, ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısının təsdiq edilməsi tapşırılır.

Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinə və Nazirlər Kabinetinə bir sıra tapşırıqlar da verilir.

Xəbər lenti

Xəbər lenti