...

Füzuli Ələkbərov: "Ehtiyac kriteriyası" plankı 2007-ci ildə artacaq

Siyasət Materials 1 Sentyabr 2006 16:31 (UTC +04:00)

Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial yardım və sosial müavinət bölməsinin rayon (şəhər) direktorlarının iştirakı ilə "Ünvanlı dövlət sosial yardımı" ümumrespublika seminar-kollegiyası keçirilib.

Trend in xəbər verdiyi kimi, seminarda əmək naziri Füzuli Ələkbərov bildirib ki, bu mexanizm artıq 2 aydır işləyir və vəziyyətin təhlili bir sıra problemlərlə yanaşı, geniş imkanların olduğunu da göstərir.

"Bu, Azərbaycan üçün yeni sistemdir və biz onu beynəlxalq təcrübəyə əsaslanaraq davam etdirməliyik. Biz "ehtiyac kriteriyası" plankını artırmaq istəyirik ki, bu da bütün problemlərin həllinə imkan verəcək", - deyə nazir qeyd edib.

Nazirlər Kabinetinin qərarına əsasən, ünvanlı dövlət sosial yardımı almaq üçün "ehtiyac kriteriyası" plankı 30 manat (150 min köhnə manat) məbləğində müəyyən olunub. F.Ələkbərovun sözlərinə görə, adıçəkilən kriteriyanın artırılması ölkənin makroiqtisadi vəziyyətindən asılıdır. "Bu gün biz hər şeyi artırmaq və heç olmasa bir aylığa yoxsulluğu aradan qaldırmaq istərdik, amma bu, məsələnin həlli deyil. Bunu tədricən imkan dairəsində etmək lazımdır. Artıq hökumətdə gələn ildən "ehtiyac kriteriyası"nı artırmaq imkanları nəzərdən keçirilir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Əmək Nazirliyi əmək bazarının inkişafına da böyük diqqət yetirir. Son vaxtlar respublikada 435 min yeni iş yeri yaradılıb ki, onların yarıdan çoxu daimidir. Ünvanlı sosial yardımın tətbiqindən sonra isə işlə təmin olunanların sayı 11% artıb.

Bundan başqa, nazir hesab edir ki, sosial yardımın ünvanlılığı və şəffaflığı təmin olunmalıdır.

Hazırda 25 367 ailədən 110 030 nəfər ünvanlı sosial yardım alır. Onlardan 60 mini bu günə qədər dövlətdən sosial yardım almayanlardır.

Nazir həmçinin bildirib ki, hazırda əlillər üçün kriteriyanın müəyyən olunması üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti