Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti və Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının (CAMOH) lideri Mahmudəli Çöhrəqanlı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini Etibar Məmmədovun təşəbbüsü ilə 12 sentyabr 2006-cı ildə Bakıda keçiriləcək "Güney Azərbaycan Milli Hərəkatı" Beynəlxalq Forumunda iştirak etməklə bağlı dəvəti qəbul edib. Bu barədə Trend ə AMİP təşkilat katibi Nazim Ələsgərov bildirib.
N.Ələsgərov qeyd edib ki, adıçəkilən forumda iştirak etmək üçün dəvətnamələr paylanılıb: "Forumda 400 nəfərin iştirakı gözlənilir. Bütün partiya sədrlərinə, səfirlərə, millət vəkillərinə və bir sıra dövlət rəsmilərinə, QHT rəhbərlərinə və xarici diaspor nümayəndələrinə də dəvətlər göndərilib". AMİP rəsmisi onu da vurğulayıb ki, İranın Azərbaycandakı səfiri də foruma dəvət olunub.
N.Ələsgərov daha sonra əlavə edib ki, forumda təşkilati məsələlərə baxılacağı da istisna olunmur: "Ola bilsin ki, Güney Azərbaycan məsələsi ilə məşğul olan bütün qurumların vahid mərkəzdə birləşdirilməsi məsələsi də müzakirə olunsun".
Qeyd edək ki, "Güney Azərbaycan Milli Hərəkatı" Beynəlxalq Forumu sentyabrın 12-də saat 11.00-da Bakıdakı "Avropa" otelində keçiriləcək.