Sentyabrın 22-də Çexiyanın paytaxtı Praqada milli azlıqların beynəlxalq festivalı çərçivəsində Azərbaycan mədəniyyətinə dair tədbirlərin keçirilməsinə başlanılıb. Bu barədə Trend ə eksklüziv açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.
Hazırda Praqada səfərdə olan Nazim İbrahimov beynəlxalq festival çərçivəsində keçirilən Azərbaycan diasporunun tədbirlərində iştirak edir. Praqada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Gecəsi və qalakonsert təşkil olunacaq. Təşkilat
Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdim olunması üçün geniş və maraqlı proqram hazırlayıb. "Azərbaycan Gecəsi" çərçivəsində Azərbaycan haqda sənədli film nümayiş olunacaq. "Azerbaijan...The Eternal Road" filmin rejissoru İqbal Məmmədəliyevdir.
Gecədə Azərbaycan mədəniyyətinin dostlarına "Delphin Caspius" mükafatının təqdimatı da olacaq. Həmçinin Çexiyada ilk dəfə Azərbaycan sənətçilərinin konserti təşkilş ediləcək. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın canlı konserti olacaq. Konsertdə qonaq qismində isə Çexiyanın məşhur AL-YAMAN qrupu çıxış edəcək.
Bundan başqa milli kulinariyamızın təqdimatı və digər çıxış-prezentasiyalar da nəzərdə tutulub.
23 sentyabrda isə Tunzalə Ağayeva 6 nəfərlik musiqi qrupunun üzvləri ilə birlikdə Usti nad Labem şəhərindəki beynəlxalq musiqi festifalında çıxış edəcək. Cəmiyyətin Sədri Dr. Elşən S. Nəzərovun şəxsi təşəbbüsü ilə ilk dəfə olaraq proqrama Azərbaycan sənətçilərinin çıxışı salınıb. 5000 nəfər tamaşaçının iştirakının nəzərdə tutulduğu Barevna Planeta festifalı şəhərin mərkəzi meydanında keçiriləcək. Müxtəlif ölkələrdən olan 30 sənətçi arasında Azərbaycan musiqiçiləri də iştirak edəcək.
Nazim İbrahimov bildirib ki, rəhbərlik etdiyi Dövlət Komitəsi Azər-Çex Cəmiyyətinə tədbirlər planının həyata keçirilməsində lazımi köməkliyi göstərib: "Bu tədbirlərə dəstək verilməsi üçün Dövlət Komitəsinə müracət olundu və biz Azərbaycandan musiqiçilərin həmin fevtivalda iştirakını təmin etdik. Azərbaycandan gəlmiş geniş heyət festivalda çıxış edəcək, milli musiqimiz, mədəniyyətimiz təbliğ olunacaq".
Komitə sədri onu da deyib ki, Praqa səfəri zamanı Azərbaycan diasporu ilə görüşlər keçirəcək. Praqadakı beynəlxalq festival başa çatdıqdan sonra sentyabrın 25-də N.İbrahimov Azərbaycana qayıdacaq.