Milli Məclisin payız sessiyası oktyabrın 2-də ilk iclasını keçirəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə ona parlamentin payız sessiyasının oktyabrın 2-də başlayacağı və iştirakı ilə bağlı heç bir məlumat verilmədiyini bildirib: "Ancaq qanuna görə, parlamentin payız sessiyası sentyabrın 30-da olmalıdır. Ayın 30-u isə şənbə gününə düşdüyündən sessiya oktyabrın 2-də keçirilməlidir".
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də ona bu barədə məlumat verilmədiyini söyləyib.
Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, millət vəkili Sabir Hacıyev bildirib ki, parlamentin payız sessiyasının oktyabrın 2-də başlayacağı ilə bağlı onu məlumatlandırıblar: "Mənə bildiriblər ki, oktyabrın 2-də parlament öz işinə başlayacaq. Hətta payız sessiyasında müzakirə olunacaq qanun layihələri də mənim ünvanıma göndərilib. Sənədləri Milli Məclisdən götürmək lazımdır". Millət vəkili payız sessiyasının ilk iclasında hansı məsələlərin müzakirə olunacağı barədə məlumatsız olduğunu bildirib.
Milli Məclisin mətbuat xidmətindən isə bildiriblər ki, oktyabrın 2-də parlamentin payız sessiyasının ilk iclası keçiriləcək. Gündəlikdə duran məsələlər və dövlət başçısının iştirakı ilə bağlı mətbuat xidmətində də heç bir məlumatın olmadığı bildirilib. Millət vəkilləri də bu barədə məlumatsız olduqlarını deyiblər.
Qeyd edək ki, mayın 12-də Milli Məclisin daxili nizamnaməsinə edilən dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin birinci hissəsinin birinci abzasına uyğun olaraq ali qanunverici orqan hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-dən başlanır və mayın 31-dək davam edir. Payız sessiyası isə sentyabrın 30-dan başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.