"Yeni Siyasət" bloku Koordinasiya Şurasının yay fasiləsindən sonra ilk iclası sentyabrın 30-da keçiriləcək. Bu barədə Trend ə blokun həmtəsisçisi Eldar Namazov məlumat verib.
Qeyd edək ki, yay fasiləsindən əvvəl "Yeni Siyasət" seçki blokunun siyasi bloka çevrilməsi üçün işçi qrupu yaradılmış və ona təkliflər, sənəd layihəsi hazırlamaq tapşırılmışdı. Eldar Namazov bildirib ki, işçi qrupu "Yeni Siyasət"in siyasi bloka çevrilməsi üçün artıq təklifləri hazırlayıb. Koordinasiya Şurasının şənbə günü keçiriləcək toplantısında işçi qurupu məruzə edəcək, onun hazırladığı təkliflər müzakirə olunacaq.
E.Namazovun sözlərinə görə, həmin iclasda "Yeni Siyasət"in siyasi blok elan edilməsi barədə qərar çıxarıla bilər.
Qeyd edək ki, 2005-ci ildə keçirilmiş parlament seçkiləri ərəfəsində bir qrup müxalifətyönlü siyasətçi və ziyalı tərəfindən "Yeni Siyasət" seçki bloku yaradıldı. Seçkidə blok şəklində iştirak edən bu komandadan sonradan bəzi partiyalar və fərdi şəxslər çıxdılar. Qurumun daimi fəaliyyət göstərməsi üçün siyasi bloka çevrilməsinə qərar verilib.