Azərbaycan hökuməti ölkədə elektron hökumətin yaradılması prosesinin sürətləndirilməsini zəruri hesab edir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə sentyabrın 29-da Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, elektron hökumət layihəsi Dünya Bankı və Koreya hökumətinin yardımı ilə hazırlanır və hazırda layihənin texniki əsaslandırılması aparılır. "Elektron hökumətin yaradılmasını idarəçilikdə yeni mərhələ hesab edirik", - deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda informasiya texnologiyalarının inkişafına dair danışıqlar gələn həftə Bakıda keçiriləcək. Danışıqlar beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində baş tutacaq.