Milli Məclisin oktyabrın 2-də keçirilən payız sessiyasının ilk iclasında Azərbaycan Respublikasının 5 xarici ölkədə səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilib. Trend xəbər verir ki, bu məsələlərlə bağlı Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərlə iş üzrə komissiysıanın sədri Səməd Seyidov məlumat verib. O, Azərbaycan Respublikasının Qırğızıstan, Tacikistan, Litva, Tailand və Meksika Birləşmiş Ştatlarında səfirliklərinin açılması zəruriliyyindən danışıb.
Millət vəkili İqbal Ağazadə Tacikistanda səfirliklərimizin açılmasının Azərbaycana nə verəcəyi ilə sual edib. S.Seyidov bildirib ki, Orta Asiya mühüm regiona malikdir. Azərbaycanın bu regionun bəzi ölkələrində səfirlikləri var: "Tacikistanda da səfirliyin olması zəruridir". Millət vəkili Pənah Hüseyn isə Şimali Kiprlə Azərbaycanın əlaqələrindən danışaraq bildirib ki, Azərbaycanın Kiprdə də nümayəndəliyinin açılması lazımdır.
Millət vəkilləri Azərbaycanın Tailand Krallığında (Banqkonk şəhərində), Meksika (Mexiko şəhərində), Qırğızıstan (Bişkek), Tacikistan (Düşənbə) və Litva (Vilnus) respublikalarında səfirliklərinin təsis edilməsinə razılıqlarını bildiriblər.