6 oktyabrda bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələri yaradılmış orta məktəblərdə dərs günü olmayacaq. Trend in məlumatına görə, bu barədə oktyabrın 5-də mətbuat konfransı keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.
MSK sədri qeyd edib ki, seçki məntəqəsinin yerləşdiyi orta məktəblərin sayı 500-ə yaxındır. Sabah bu məktəblərdə dərs günü olmayacaq. M.Pənahov oktyabrın 6-da rəsmən iş günü olmayacağı barədə yayılmış məlumatlara da aydınlıq gətirib və bildirib ki, bu, həqiqətə uyğun deyil. Onun sözlərinə görə, sabahkı bələdiyyə seçkiləri bütün ölkə ərazisini əhatə etmədiyinə görə oktyabrın 6-sı rəsmən iş günüdür.