"Bizim Azərbaycan" blokunun Sədrlər Şurası Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı bəyanat verib. Bu barədə Trend ə adıçəkilən blokun katibi Yusif Muğansoy bildirib.
Məsələ ilə bağlı bəyanat Sədrlər Şurasının növbəti toplantısında qərara alınıb. Bildirilib ki, blokun Sədrlər Şurası Fransa prezidenti Jak Şirakın Ermənistana səfəri zamanı Türkiyənin Avropa Birliyinə yalnız "erməni soyqırımını" tanıdıqdan sonra qəbul edilə biləcəyi ilə bağlı bəyanatını pisləyib. Bunu nəzərə alan adıçəkilən blok Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdə qalmasının mümkünsüzlüyünü bildirib.
Qeyd olunub ki, J.Şirakın erməni və fransız xalqlarının qohum olması barədə fikri Fransanın Dağlıq Qarabağ probleminin həllində ədalətli və tərəfsiz mövqe tuta biləcəyi ehtimalını heçə endirir.
"Bizim Azərbaycan" bloku 2003-cü ildə prezidentliyə namizəd Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb. İ.Qəmbər prezident seçkilərində məğlub olduqdan sonra blok arasında fikir ayrılığı yarandı. 2005-ci il parlament seçkiləri öncəsi blok iki yerə parçalandı. İ.Qəmbərin liderliyini qəbul etməyən "Bizim Azərbaycan" blokunda 10 siyasi partiya təmsil olunur. Bu vaxta qədər blokda bir aylıq sədrlik institutu yaradılmışdı. Blokun Sədrlər Şurasının bir ay bundan öncə keçirilən toplantısında bu müddət bir illə əvəz olunub.