"Bələdiyyə seçkiləri tam normal şəraitdə keçirilir və heç bir qanun pozuntusu qeydə alınmayıb". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O bildirib ki, bu gün saat 15.00-dək seçicilərin artıq 22 faizi iştirak edib. Bu da əhalinin aktivliyini, bələdiyyə seçkilərinə marağını göstərir. M.Pənahovun sözlərinə görə, seçki məntəqələrində qanun pozuntuları ilə bağlı MSK-ya şikayət daxil olmayıb. Onun sözlərinə görə, seçkini izləyən beynəlxalq maüşahidəçilər də qanun pozuntularına rast gəlməyiblər. Belə ki, beynəlxalq müşahidəçilərlə görüşdə onlar MSK sədrinə heç bir iradlarının olmadığını bildiriblər: "MSK-nın beynəlxalq əlaqələr şöbəsi daim xarici müşahidəçilərlə əlaqə saxlayır. Beynəlxalq müşahidəçilərdən xahiş etmişik ki, əgər onlar hansısa nöqsanlar aşkar etsələr, MSK-ya bu barədə məlumat versinlər. Xarici müşahidəçilər də daim MSK ilə əlaqə saxlayırlar. Onlar adətən daha tərəfsiz, obyektiv mövqedə olurlar. Hələ ki, onlar tərəfindən də hansısa nöqsanla bağlı məlumat daxil olmayıb"-deyə M.Pənahov qeyd edib.
MSK sədri onu da deyib ki, bu gün gecə yarısından keçsə belə, seçkinin ilkin nəticələri ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılacaq: "MSK-nın "Seçkilər" İnformasiya Mərkəzi ilə məlumatların çatdırılmasına baxmayaraq, Azərbaycan seçiciləri artıq axşam saatlarında televiziya vasitəsilə seçkilərin nəticələrinin açıqlanmasına öyrəşib. Ona görə bu dəfə mən məmnnuniyətlə bunu edəcəm və məlumatları özüm açıqlaycam"-deyə MSK sədri bildirib.