"Rəsmi səfər ikitərəfli münasibətlərdə böyük bir addımdır. Ölkələrimiz çox uğurla əməkdaşlıq edir". Bu fikirləri bu gün Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfərinə həsr edilmiş birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz daim Rumıniyanın dəstəyini hiss edir. Bizim münasibətlərimiz müxtəliftərəflidir. Aramızda çox intensiv siyasi dialoq aparılır. Qeyd etməliyəm ki, 1,5 il ərzində çoxlu görüşlər keçirilib və T. Basesku ilə bugünkü görüş dördüncüdür. Bu, aramızda olan sıx əlaqələrdən xəbər verir. Biz daim məsləhətləşmələr, geniş fikir mübadiləsi aparırıq. Bu gün bizim aramızda çox səmimi və açıq danışıqlar aparılır", - deyə Azərbaycan prezidenti bildirib.
İlham Əliyevin sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi və siyasi əlaqələr, Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası və bu məsələdə Rumıniyanın dəstəyi, iri enerji layihələri və gələcək əməkdaşlığın prinsipləri müzakirə olunub. "Bu məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur və bu, çox sevindirici bir haldır", - deyə o qeyd edib.
"Bununla yanaşı, regional proseslər və regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub. Həm nəqliyyat infrastrukturların yeniləşdirilməsi, yeni nəqliyyat dəhlizlərinin yaradılması, həm də enerji daşıyıcılarının Avropa bazarlarına çatdırılması baxımından regionumuz böyük imkanlara və böyük perspektiivlərə malikdir. Azərbaycanın rolu və enerji təhlükəsizliyinin təmin olunmasında Avropanın artan imkanları, əlbəttə ki, regionu mühüm mövqeyə gətirib çıxarır", - deyə İlham Əliyev qeyd edib.
"Ona görə regionda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bizi çox maraqlandırır və narahat edir", - deyə Azərbaycan prezidenti bildirib.