"Mən inanmıram ki, Ermənistan və onun Dağlıq Qarabağdakı separatçı rejim BMT-nin ekspertlər qrupunu yandırılmış ərazilərə buraxsınlar". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Şuşa şəhər icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov deyib.
O, işğal edilmiş ərazilərdə ermənilərin torpaqları yandırması ilə bağlı beynəlxalq qurumların mövqelərinə münasibət bildirərkən qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu baş verən bütün vandalimzlərdən xəbərdardır: "İşğaldan sonra təkcə torpaqların yanadırılması deyil, bütün mədəni, tarixi abidələrin dağıdılması, evlərin yandırılması və digər hadisələr Minsk qrupu həmsədrlərinin gözü qarşısında baş verib. Bu günə qədər Dağlıq Qarabağa yüz dəfələrlə səfərlər olub. ATƏT-in bölgədəki nümayəndəsi Anjey Kaspşik işğal olunmuş əraziləri gəzib və hamısından xəbəri var. Amma bu günə qədər ATƏT tərəfindən bu barədə mövqe bildirilməyib"-deyə N.Bəhmənov vurğulayıb.
O, əlavə edib ki, GUAM ölkələrinin dondurulmuş münaqişələrlə bağlı BMT-də məsələ qaldırmasından sonra Dağlıq Qarabağda torpaqların yanadırılması faktlarını araşdırmaq üçün ekspert qrupu ayrılıb. Onların proqramına həmin ərazilərə baxış keçirmək də daxildir. Lakin N.Bəhmənov hesab edir ki, separatçılar ekspert qrupunun yanan ərazilərə baxış keçirməsinə imkan yaratmayacaqlar: "Çünki yandırılan ərazilər tamamilə onların nəzarəti altındadır və orada hər cür cinayət xarakterli hadisələr baş verir. Torpaqların, meşə və əkin sahələrənin yandırılması, terror yuvalarının olması, narkotiv bitkilərin becərilməsi və sair kimi qanunsuz işlərlə məşğuldurlar".
N.Bəhmənov bildirib ki, BMT-nin ekspert qrupu hazırladığı məruzəni həm də ATƏT-ə üzv dövlətlərə, o cümlədən Azərbaycana təqdim edəcəklər. N.Bəhmənov vurğulayıb ki, əsas məsələ bu yanğınların gələcəkdə də baş verməsinin qaşısını almaqdır. Onun sözlərinə görə, ekspert qrupu ATƏT-ə tapşırılsa, hansısa qəti mövqe bildirilməyəcək.