...

Belarus və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir

Siyasət Materials 17 Oktyabr 2006 13:05 (UTC +04:00)

Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində aqrosənaye kompleks sahəsində iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədirlər. Trend Beltaya istinadən xəbər verir ki, bu barədə Belarus Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Baş xarici iqtisadi fəaliyyət idarəsi rəisinin müavini Anatoli Romanovski məlumat verib.

Onun sözlərinə görə, hər iki ölkə arasında bitkiçilik və heyvandarlıq, qida və emal sənayesi sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək planlaşdırılır. Aqrar siyasət sahəsində də informasiya mübadiləsi, eləcə də aqrar təhsil - ASK təşkilatlarının rəhbər və mütəxəssislərinin hazırlığı sahəsində əməkdaşlıq da faydalı olacaq.

Rəsmi səviyyədə imzalanmış saziş hüquqi əsasda kənd təsərrüfatı və emal sənayesi sahələrində ticarət əməliyyatlarının həyata keçirilməsini nəzərə almaqla iqtisadi cəhətdən qarşılıqlı faydalı olan münasibətləri nizamlamağa, eləcə də elmi-texniki və iqtisadi informasiya, elmi tədqiqatların nəticələrinin mübadiləsini həyata keçirməyə, birgə seminarlar, simpoziumlar, sərgilər, eləcə də qarşılıqlı maraq doğuran elmi araşdırmalar keçirməyə imkan verəcək.

Anatoli Romanovski bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əmtəə dövriyyəsi hələ çox cüzidir. Cari ilin yanvar-avqust ayları ərzində Belarus ərzaqlarının Azərbaycana ixracı cəmi 192,8 min ABŞ dolları təşkil edib. Əsasən ət-süd konservləri, kərə yağı və bərk pendirlər ixrac olunurdu. Gələcəkdə Belarus ərzaq malları qammasını genişləndirməyə hazırdır. Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin müəssisələri mal ətinin, quşçuluq məhsullarının, kətan lifi ixracını artırmaq niyyətindədir. Azərbaycandan Belarusa isə heç bir kənd təsərrüfatı məhsulu daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti