Belarus və Azərbaycanın yataqların işlənilməsi, neft və qaz hasilatı üzrə birgə layihələrin gerçəkləşdirilməsi üçün imkanları var. Trend in "Belta"ya istinadən xəbər verdiyi kimi, bunu oktyabrın 17-də Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bəyan edib.
Belarus liderinin sözlərinə görə, prezidentlərin bu gün keçirilən təkbətək görüşündə İlham Əliyev tərəfindən "bu məsələdə Belarusun səyləri prinsipial dəstək" alıb. A. Lukaşenko hesab edir ki, neft-qaz sahəsində Belarus ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çox məhsuldardır. Azərbaycanda iri neft və qaz yataqlarının, Belarusda isə müasir, güclü neft-kimya kompleksinin olması əsas özüldür və onun üzərində münasibətlərimiz energetika sahəsində qarşılıqlı fayda verməklə inkişaf edə bilər, - deyə prezident vurğulayıb.
O bildirib ki, Belarus tərəfi onun ölkəsindən keçməklə nəql olunan neftin, o cümlədən Xəzər neftinin həcminin artırılmasında maraqlıdır. "Biz Pribaltikaya və Polşaya Xəzər neftinin tranziti üçün boru kəməri nəqliyyat infrasturkturunu təklif etməyə hazırıq", - deyə A. Lukaşenko söyləyib.
Prezident həmçinin bildirib ki, hazırda Azərbaycanda Belarus traktorlarının yığılması üçün ciddi layihələr nəzərdən keçirilir. Belarus lideri müasir şəraitdə Belarus və Azərbaycanın malik olduğu potensial əsasında kooperasiyanın inkişafını və birgə istehsalın təşkilini vacib sayıb. A. Lukaşenkonun sözlərinə görə, Azərbaycan öz ərazisində Belorus traktorlarının və digər kənd təsərrüfatı texnikasının yığılmasında maraqlıdır. "Bu, onlara kənd təsərrüfatını inkişaf etdirmək üçün lazımdır. Bu məsələdə Azərbaycanı dəstəkləmək lazımdır", - deyə prezident bildirib.
Eyni zamanda, o, İlham Əliyevin sözlərinə istinad edərək vurğulayıb ki, "Azərbaycan bazarı 5-7 il ərzində çox güclü olacaq. Orada kənd təsərrüfatı büdcədən dəstəklənərək istifadə olunur". "Orada pul qazanmaq lazımdır və bunun üçün bizim bütün imkanlarımız var", - deyə Belarusun dövlət başçısı əminliklə bildirib. O, həmçinin əlavə edib ki, Azərbaycan bazarına çıxmaqla Belorus qonşu ölkələr ilə ticari-iqtisadi münasibətlərini inkişaf etdirə bilər.