"Azərbaycan hökumətinin Fransada qəbul edilən ədalətsiz qanuna reaksiyasını normal qəbul edirəm". Trend in məlumatına görə, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasından olan millət vəkili Fəzail İbrahimli bildirib.
O, Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun qəbul etməsinə münasibətini bildirərkən deyib ki, soyqırım məsələsi Paris şəhərində hələ 1918-ci ildə Paris sülh konfransının gedişində müzakirə olunub: "O vaxt Vilsonun təklifi ilə Türkiyəyə nümayəndə heyəti göndərildi və həmin komissiya bir neçə ay müddətində araşdırma apararaq bu nəticəyə gəldi ki, burada hadisə nəticəsində ölən türklərin sayı ermənilərdən daha çoxdur. Yəni ölüm faktları fəlakətin nəticəsi olaraq baş verib və Türkiyə öz dövlət təhlükəsizliyini qorumaq üçün sadəcə köçürmə edib. Buna görə də həmin məsələni bağlayıb arxivə atdılar. Bu baxımdan Fransa parlamentində alt palatada qəbul edilən qərar informasiyasızlıqla bağlı deyil. Fransa tərəfindən indi həmin məsələni yenidən açıb "soyqırım" kimi qəbul etmək ağılsızlıqdır".
F.İbrahimli əlavə edib ki, Fransa parlamentinin həmin qərarı ilk növbədə Avropada insan hüquqlarının pozulmasının bariz nümunəsidir. İkincisi, dünyaya demokratiya dərsi keçən Fransanın özünün qeyri-demokratik addımıdır. Üçüncüsü, dövlətlərarası, millətlərarası məsələlərə Fransanın müdaxilə etməsi, ara qarışdırmasıdır. Nəhayət, tarixdə sübut olunmamış soyqırımın sübut olunmuş kimi qələmə verilməsdir. F.İbrahimli bu baxımdan Milli Məclisin operativ və layiqli reaksiyasını təqdir etdiyini vurğulayıb.
Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina edilməsi tələblərinə münasibət bildirərkən millət vəkili qeyd edib ki, bu, yalnız təəssübkeşlikdir. Onun fikrincə, Fransanın da təəssübkeşləri, dostları var, onlar da bu cür addım ata bilərlər və o zaman ciddi qarşıdurma yaranar.
F.İbrahimli əlavə edib ki, Azərbaycan ictimaiyyətinin rəyi dövlət qurumlarının etirazlarından heç də az əhəmiyyət daşımır. Yəni Fransaya yönələn ictimai etiraz çox əhəmiyyətldir. Lakin millət vəkili etiraz aksiyalarının məhz Fransa səfirliyinin qarşısında keçirilməsini məqbul saymır: "Çünki diplomatik xidmətin qorunması Azərbaycan dövlətinin borcudur. İndi isə eyforik vəziyyət yaranıb və xüsusən gənclər nəzarətdən kənar addım ata bilərlər. Ona görə də Fransa səfirliyi qarşısında aksiya keçirilməsinə icazə verilməməsinə normal baxıram".