...

Aydın Mirzəzadə: "Azərbaycan hökuməti qanunlarla bağlı Venesiya Komissiyasının rəyini bilməkdə çox maraqlıdır"

Siyasət Materials 30 Oktyabr 2006 13:23 (UTC +04:00)
Aydın Mirzəzadə: "Azərbaycan hökuməti qanunlarla bağlı Venesiya Komissiyasının rəyini bilməkdə çox maraqlıdır"

Azərbaycan hökuməti ictimai həyatın tənzimlənməsinə dair qəbul etdiyi sənədlər haqqında Venesiya Komissiyasının rəyini bilməkdə çox maraqlıdır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin müavini Aydın Mirzəzadə Venesiya Komissiyasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna verdiyi rəyə münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, bu rəy Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında əməkdaşlığa bir nümunədir. "Söylənilən qanuna dair verilən rəydə də maraqlı fikirlər çoxdur. İlk növbədə mən diqqəti ona yönəltmək istəyirəm ki, hökumət nəzərdə tutuduğu yox, mövcud qanunun nə dərəcədə Konstitusiyamıza uyğun gəldiyi barədə Venesiya Komissiyasının rəyini bilmək istəyir".

A.Mirzəzadə qeyd edib ki, rəydə müsbət və eyni zamanda tövsiyyə xarakterli halların olduğu təbiidir: "Onlar diqqətlə öyrəniləcək. Əvvəlki qanun təqribən on il bundan əvvəl qəbul edilib. Bu müddətdə Azərbaycanda çox şey dəyişilib. 1998-ci ildə həmin qanunun müddəaları dövrü üçün çox demokratik sayılırdı. Amma Azərbaycanda demokratik inkişaf dərinləşir, yeniliklər var. Azərbaycan Avropaya daha çox inteqrasiya olunur. Artıq o sənədlərin yeniləşməsinə böyük ehtiyac var".

Qeyd edək ki, Avropa Şurasının Venesiya Komissiyası oktyabrın 13-14-də təşkilatın 68-ci sessiyasında qəbul olunmuş Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dair rəyi açıqlayıb. Venesiya komissiyasının ekspertləri belə bir fikrə gəliblər ki, sərbəst toplaşmaq azadlığının əsas prinsiplərinin Azərbaycanın Konstitusiyası və digər qanunvericilik aktlarında əks olunması faktını müsbət hesab etmək olar. Lakin, onların fikrincə, qanunda sərbəst toplaşmaq azadlığının konstitusiya hüquqlarına nəzarət üzrə, xüsusilə də onun həyata keçirilməsi üzrə bəndlərə aid, ictimai asayişi pozmayan, dövlətin müdaxiləsinin zəruri olmadığı müddəalarda artıq təfərrüatlar var.

Xəbər lenti

Xəbər lenti