...

Yuri Merzlyakov: Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı hələ qərar qəbul olunmayıb

Siyasət Materials 2 Noyabr 2006 15:40 (UTC +04:00)
Yuri Merzlyakov: Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı hələ qərar qəbul olunmayıb

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı hələ qərar qəbul olunmayıb. Bu barədə noyabrın 2-də Trend ə müsahibəsində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov noyabrın 28-nə təyin olunmuş MDB sammiti çərçivəsində prezidentlərin görüşməsinin mümkünlüyü ilə bağlı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, prezidentlər İlham Əliyev və Robert Köçəryan arasında görüşün təşkili məsələsinə oktyabrın 24-də Parisdə MQ həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə apardığı sonuncu məsləhətləşmələr zamanı toxunulub. "Ancaq hələ bir qərar yoxdur və noyabrın 14-nü gözləmək lazımdır. Həmin tarixdə Brüsseldə vasitəçilər nazirlərlə növbəti məsləhətləşmələr aparacaq", - deyə həmsədr bildirib. Noyabrın 14-də həmsədrlərin bölgəyə növbəti səfər tarixi də razılaşdırılacaq.

"Bu yaxınlarda Ermənistan və Rusiya prezidentlərinin Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunubmu və İlham Əliyevin Rusiya paytaxtına gözlənilən səfəri zamanı müzakirə olunacaqmı?" sualını cavablandıran Y.Merzlyakov deyib: "Qarabağ mövzusu danışıqların bloklarından biridir və hər zaman mövcuddur". Moskvada İ.Əliyev və V.Putin arasında nəzərdə tutulmuş danışıqlara gəlincə, o qeyd edib ki, bu, yalnız Qarabağ münaqişəsi üzrə danışıqlarla bağlı olmayan "sırf ikitərəfli səfərdir".

Xəbər lenti

Xəbər lenti