Trend in Polşa Senatının spikeri Boqdan Boruseviçlə Azərbaycana səfəri ərəfəsində eksklüziv müsahibəsi
- Siz Azərbaycan və Polşa arasında parlamentlərarası münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, ölkələr arasında münasibətlərdə parlament diplomatiyasının artan rolunun fonunda Azərbaycan-Polşa parlamentlərarası münasibətləri kifayətedici dərəcədə deyil. Son on il ərzində bir neçə yüksək səviyyəli səfərlər olub. Belə səfərlər adətən daha yaxın əməkdaşlıq üçün şəraitin yaradılmasına səbəb olur. Nəticə isə konkret sahələrdə müvafiq sazişlər imzalayan parlamentari və nazirlərin səfərləri ola bilər.
Təəssüf ki, belə səfərlər o qədər də çox olmayıb. Yalnız belə əlaqələr müəssisə və iş adamları arasında əməkdaşlıq və mübadilə üçün yol açır. Bu yaxınlarda - cari ilin sentyabr ayında mənim iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşmək imkanım olub. Bu, Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının birinci toplantısı zamanı baş verib. Həmin toplantıda konkret layihələr müzakirə olunub.
Mən ümid edirəm ki, Polşanın Bakıdakı Polşa sərgisində təqdimatı, Senatın nümayəndə heyətinin Bakıya səfəri və Polşa iş adamlarının səfəri ikitərəfli əlaqələri intensivləşdirməyə yardım edəcək. Düşünürəm ki, hər iki ölkə parlamentlərarası münasibətlərin inkişafında maraqlı olmalıdır. Polşa parlamenti qanunvericiliyin Avropa Birliyinin normalarına uyğunlaşdırılmasında böyük təcrübəyə malikdir. Biz təcrübəmizi Azərbaycan parlamentariləri ilə bölüşməkdən çox şad olardıq.
- Sizin Azərbaycana səfəriniz çərçivəsində hansı başlıca məsələlər müzakirə olunacaq?
- Polşanın həm ticarət, həm də iqtisadi tərəfdaş kimi cəlbediciliyi onun Avropa Birliyinə daxil olmasından sonra artıb. Polşa ilə sıx əlaqələr Azərbaycana fayda verə bilər. Azərbaycan Qafqazda Polşa üçün çox mühüm tərəfdaşdır. Mən əminəm ki, ölkələr ümumi maraqlara malikdir.
Azərbaycanla əməkdaşlıq Polşaya enerji mənbələrini diversifikasiya etməkdə yardım edə bilər. İndi bu, Polşa üçün başlıca məsələdir. Mən ümid edirəm ki, Azərbaycan Mərkəzi Asiya, Qafqaz və Avropa arasında (Odessa-Brodı-Plotsk) enerji dəhlizi layihəsində iştirak edəcək. Biz hesab edirik ki, bu səfər enerji sahəsində əməkdaşlığa daha çox aydınlıq gətirəcək və Polşa firmaları Azərbaycanın enerji bazarında öz yerini tutacaq.
Polşa öz tərəfindən Azərbaycana limanın tikintisində köməklik göstərə bilər. Mən bilirəm ki, Azərbaycan enerji ehtiyatları üçün alternativ marşrutlar axtarır. Enerji məsələsi AB və Azərbaycan münasibətlərində prioritetdir. Artıq dediyim kimi, mən parlamentlərarası əməkdaşlıq haqqında məsələ qaldıracağam, eləcə də ticarətin artırılmasını müzakirə edəcəyik. Ötən il Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsi təxminən 56 milyon dollar təşkil edib. Polşadan Azərbaycana ixrac həmin ölkədən idxalı xeyli üstələyib. Düşünürəm ki, hər iki ölkə ikitərəfli ticarət münasibətlərinin gücləndirilməsində maraqlıdır. Polşa investisiya texnologiyaları və istehlak mallarını sizin bazarınıza ixrac etmək istərdi. Ümid edirəm ki, mənim himayəm altında Azərbaycanda Polşa sərgisi ticarət və investisiya sahəsində yeni münasibətlər üçün imkan yaradacaq.
- Parlamentlərarası dostluq qrupunun Polşa tərəfdən tərkibi nə vaxt müəyyən olunacaq?
- Hələ bəzi parlament üzvlərinin maraq göstərməsi Polşa parlamentində belə dostluq qrupunun mandatına zəmanət vermək üçün kifayət deyil. Düşünürəm ki, bu vəziyyət Azərbaycanda Polşa sərgisindən sonra dəyişəcək. Bizim əlaqələrimiz çoxaldıqda, parlamentarilər iki xalqın yaxınlaşmasına, mədəni və iqtisadi əlaqələrin qurulmasına yardım üçün təşəbbüslə çıxış edəcəklər.
- Siz Azərbaycanda Polşa icması ilə görüşməyi planlaşdırırsınızmı?
- Əlbəttə. Senat Polşanın və xaricdə yaşayan polşalıların müdafiəçisidir. Tariximizin faciəvi səhifələri polşalıları bütün dünyaya səpələyib. Ona görə də mən həmişə xaricə gedəndə həmyerlilərimlə görüşməyə çalışır, onların vətəndən kənarda necə yaşamalırını və Polşanın onlar üçün nə edə biləcəyini aydınlaşdırmağa çalışıram.
Bu gün yüzlərlə polşalı Azərbaycanda yaşayır, lakin Polşa dilində onların çox az hissəsi danışır. Polşalılar yalnız indi birləşməyə başlayıblar. Onların ilk təşkilatı - Azərbaycan-Polşa Assosiasiyası 2002-ci ildə yaradılıb. Bəzi yerlərdə Polşa dili öyrənilir. Polşalılar Azərbaycanda iqtisadiyyat, elm, mədəniyyət və təhsilin inkişafına böyük töhfə veriblər. Demək olar ki, bütün sahələrdə polşalılar öz imzalarını qoyublar. Polşa memarları Bakıya unikal görünüş verib və Bakının ilk universitetində mühazirələr keçiriblər.
Stalin rejimi dövründə Polşa millətindən olmaq təqiblərə məruz qalmaq üçün kifayət edə biləcək səbəb idi. Bu səbəbdən bir çox polşalılar öz vəsiqələrində milliyyətlərini dəyişiblər, ona görə də nə qədər insanın polşalı olduğunu müəyyən etmək çətindir. Azərbaycanda olan polşalıların birləşmək imkanı haqqında məsələ Sovet İttifaqının parçalanmasından sonra yenə də qalxdı. Polşalılar üçün belə imkanlar yaratdığına görə Azərbaycanın hökümət orqanlarına öz minnətdarlığımızı bildirmək istərdim.
- Müasir siyasi və iqtisadi xəritədə Polşa Azərbaycana hansı rolu verir?
- İqtisadi əməkdaşlığı möhkəmləndirərək, Azərbaycanla yaxşı siyasi münasibətlər yaratmaq bizim təşəbbüsümüz idi. Biz firmalarımızın qaz hasilatı və neft emalı sahələrinə sərmayə qoymalarını istərdik. Polşanın Azərbaycana dair siyasəti Avropa Birliyinin siyasətinin bir hissəsidir, Cənubi Qafqaz isə Avropa Birliyi maraqlarının birbaşa sahəsidir. 2003-cü ildə qəbul olunmuş Avropa Təhlükəsizlik Strategiyası Avropa qonşuluq siyasətini bu bölgələrə aid etdi və Azərbaycan və AB üçün Fəaliyyət planı hazırladı. AB-nin Cənubi Qafqaza dair başlıca məqsədləri sabitliyə nail olmaq, regional əməkdaşlığın inkişafı, qanunun üstünlüyünün həyata keçirilməsi, demokratik prinsiplərə riayət olunması, insan haqları və bazar iqtisadiyyatının qurulmasıdır.
- Polşa Azərbaycanın Avropa qurumlarına inteqrasiyasında ona necə yardım edə bilər?
- Artıq dediyim kimi, Azərbaycan milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üzrə Polşa təcrübəsindən fayda əldə edə bilər. Polşa parlamenti AB-yə qəbul olunmaq üçün böyük əmək sərf edib. Yaxşı qanunlar yaşam səviyyəsini yaxşılaşdıra bilər. Düşünürəm ki, biz çətin vəziyyətdə vasitəçiliyimizi və Avropa təşkilatları ilə əlaqələrimizi təklif edə bilərik.