Trend in xəbər verdiyi kimi, Barmek Holding şirkəti tərəfindən aktivlərin "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinə təhvil-təslim prosesi başa çatmaq üzrədir.
"Müqavilədə nəzərdə tutulduğu kimi, bu, sivil təhvil-təslim prosesidir. Belə ki, investor sənədləri, əməkdaşları, elektrik şəbəkələrini, avadanlıqları, mühasibat sənədlərini təhvil verməlidir". Bu barədə noyabrın 7-də iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib.
Onun sözlərinə görə, nəzərdə tutulmayan vəziyyət yaranmasa, həftənin sonunadək işi başa çatdırmaq planlaşdırılır. Çünki bu proses əhaliyə, elektrik şəbəkələri müştərilərinə və ölkənin enerji təchizatına təsir göstərməməlidir.
"Hökumət vəziyyətə nəzarət edir. Buna görə də heç bir mənfi amil olmamalıdır", - deyə nazir müavini hesab edir.
"Paylayıcı şəbəkələr dövlətin tam ixtiyarındadır. Buna görə də gələcəkdə bu şəbəkələrin inkişafı üçün sərmayə qoyulması planları təkliflərin öyrənilməsindən sonra, o cümlədən onların vəziyyətindən asılı olaraq həyata keçiriləcək", - deyə M.Cabbarov bildirib.