Gürcüstanın sərhəd polisinin başçısı Azərbaycanla sərhəddə ərazi mübadiləsi ehtimalını istisna etmir. Bu gün Gürcüstanın baş sərhədçisi Badri Bitsadzenin Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, bu təklif Gürcüstanın tarixi abidəsi - David Qareci monastır kompleksi rayonunda yerləşən 2700 metr mübahisəli sahəyə aid ola bilər.
"İş burasındadır ki, kompleksin ərazisindən iki dövlət arasında köhnə inzibati sərhəd keçir və bu, əlavə gərginlik yaradır", - deyə o qeyd edib. Bitsadzenin sözlərinə görə, Gürcüstan tərəfdə kompleksin bir hücrəsi yerləşir, qalan hissə isə Azərbaycan tərəfinə düşür.
"Təbii ki, iki ölkə sərhədçiləri bu sərhədə nəzarət edir və onu qoruyurlar, nəticədə ora gələnlər monastırın ərazisində sərbəst şəkildə hərəkət edə bilmirlər", - deyə o bildirib. Gürcüstanın sərhəd polisinin başçısı bunun həlledilməz problem olduğunu hesab etmir və problem Gürcüstan-Azərbaycan delimitasiya komissiyasının işi çərçivəsində həll oluna bilər.
David Qareci problemini və onun həlli yollarını nəzərdən keçirən Bitsadze təhsil, elm, mədəniyyət və idman üzrə parlament komissiyasının toplantısının sonunda Trend in xüsusi müxbirinə bu məlumatı verib. Toplantı mətbuat üçün qapalı olub.