Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Azadlıq" qəzeti redaksiyası, "Turan" İnformasiya Agentliyi və AXCP-yə müvafiq yerlər təklif edir. Bu barədə Trend ə Dövət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitə "Turan" Agentliyinin yerləşməsi üçün Azərbaycan Mətbuat Şurasının və "Assa-İrada" İnformasiya Agentliyinin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu İ.Dadaşov küçəsi 60 ünvanındakı inzibati binada sahəsi 100 kvadratmetr olan qeyri-yaşayış sahəsi təklif edir.
"Azadlıq" qəzeti redaksiyasına Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllədəki "Azərbaycan" nəşriyyatının 9-cu mərtəbəsində ümumi sahəsi 120 kv.metr olan qeyri-yaşayış sahəsi təklif edilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasına isə iki ünvan - Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, B massivi 29 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 800 kv.metr sahəli qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi, Məktəbli küçəsi 4a ünvanında yerləşən üçmərtəbəli binanın sahəsi 460 kv.metr olan 2-ci mərtəbəsi təklif olunur.
Komitədən həmin media orqanları və AXCP-nin qeyd olunan sahələrdə yerləşdirilməsi üçün müvafiq tədbirlər görüləcəyi bildirilib.