Xəzəryanı dövlətlərin sammiti 2007-ci ilin birinci rübündə Tehranda keçiriləcək. "RİA Novosti" agentliyinə istinadən Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Manuçehr Mottaki bildirib.
Mottaki cümə günü Astanada kçirilən mətbuat konfransında deyib: "Biz Xəzəryanı dövlətlərin sammitini 2007-ci ilin birinci rübündə Tehranda keçirməyi planlaşdırırıq. İran prezidentinin həmin sammitdə iştirak üçün Qazaxıstan prezidentinə göndərdiyi dəvəti çatdırmışıq. Nursultan Nazarbayev dəvəti qəbul edib".
İran prezidentinin Xəzərlə bağlı problemlər üzrə səlahiyyətli nümayəndəsi Mehdi Səfəri bildirib ki, Xəzərin hüquqi statusu barədə Konvesiya hazır olmasa belə, Tehran Xəzəryanı dövlətlərin sammitinin İranda keçirilməsini məqsədəuyğun sayır. O deyib: "Əgər sammit keçirilənə qədər Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı Konvensiya hazır olmasa, sammit zamanı müzakirə üçün regional əməkdaşlıq və təhlükəsizlik məsələləri var".