...

Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib

Siyasət Materials 11 Yanvar 2007 13:16 (UTC +04:00)

Moskvanın Mərkəzi rəssamlar evində azərbaycanlı rəssam, Rusiya Rəssamlar İttifaqının üzvü Qüdrət Qurbanovun sərgisi keçirilib. Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, "Palettart" qalereyası Qüdrət Qurbanov üçün "Moskva MRE-2007", həmçinin rəssamın 50 illiyinə həsr olunmuş yubilyey sərgi keçirib.

Tədbirin təşkilatçıları qismində Dünya azərbaycanlıları konqresi və "Bizim Rusiya" ümumrusiya hərəkatının dəstəyi ilə Ümumrusiya azərbaycanlıları konqresi çıxış edib. Sərgi layihəsinin baş sponsoru Beynəlxalq Azərbaycan Bankı-Moskva olub.

Əməkdar mədəniyyət xadimi, tədbirin təşkilatçılarından biri Yevgeni Xaylov öz çıxışında qeyd edib ki, "Qüdrət Qurbanov elə rəssamdır ki, onun əlində ürəyə xoşbəxtlik gətirən günün rəngi doğulur. Qüdrətin əsərləri insanı gözəl nağıl səyahətinə çağırır. Qüdrət Qurbanov günəşli Azərbaycanda doğulub, Türkiyədə yaşayıb və yaradıb, təbiətin, Vətənin ona verdiyi hər şeyi canına çəkib. İndi o, enerjisini bizimlə bölüşür və biz Rusiyada və xaricdə onun sənətinin uğurunu görürük. Onun əsərləri xalq tərəfindən tələb olunur, çünki ətrafda gözəllik olmayanda gözəl heç nə etmək olmaz".

Öz əsərlərində milli Azərbaycan motivlərinin olması barədə Trend ə verdiyi eksklüziv müsahibəsində danışan Qüdrət Qurbanov bildirib ki, onun bütün əsərləri Azərbaycan əsərləridir. "Məndə elə əsər var ki, orada fayton təsvir olunub. Bu, məsələn, mənə Bakı bulvarını xatırladır və s.", - deyə rəssam qeyd edib. Əsərlərində müharibə, Qarabağ və b. ümummilli mövzuların olması ilə bağlı isə Qüdrət Qurbanov deyib: "Məni müharibə maraqlandırmır, mən müharibə etmirəm. Mən rəssamam, həyatı sevirəm, qadınları sevirəm, mən gözəlliyi sevirəm, mən yaradıram, mən siyasətdən kənaram, öz yaradıcılığım ilə sevgini yaymağa çalışıram. Milliyyətindən, dinindən, mədəniyyətindən asılı olmayaraq, hamı bir-birini sevməli və bir-birinə hörmət etməlidir. Axı Qarabağı kədərlə qaytarmaq olmaz, onu sevgi və nikbinliklə qaytarmaq olar".

"Narıncı masa" və "Qamak" əsərlərini özünün şah əsərləri adlandıran Qüdrət Qurbanov etiraf edib ki, Xudafərin körpüsünün bilavasitə yanında, yəni Azərbaycanın işğal olunmuş əraziləri qaytarıldıqdan sonra o, bu körpünün təsvirini yaratmaq, lakin orada heç bir sərhədçinin olmadığı, indi mövcud olan sərhədin hər iki tərəfindəki həyatı göstərmək arzusundadır. "Mən Şimali və Cənubi Azərbaycan xalqının bir yerdə yaşamasını çox istəyirəm. Mən düşünürəm ki, bu, hər bir azərbaycanlının arzusudur və biz hamımız öz ürəyimizdə ümid edirik ki, bu arzu tezliklə həyata keçəcək", - deyə rəssam Qüdrət Qurbanov bildirib.

Xəbər lenti

Xəbər lenti