...

Yaponiya hökuməti Azərbaycanda sosial sahədə üç layihənin reallaşdırılması üçün təxminən 300 min ABŞ dolları ayırıb

Siyasət Materials 22 Yanvar 2007 15:44 (UTC +04:00)

Yanvarın 22-də Bakıda Azərbaycanda Yaponiya hökumətinin maliyyələşdirilməsi hesabına həyata keçiriləcək üç layihə üzrə sazişlər imzalanıb. Bu barədə Trend xəbər verir.

Sazişlər qeyri-hökumət təşkilatları ilə aşağıdakı layihələr üzrə imzalanıb: Qəbələ rayonunun Kötüklü kəndində məktəb tikintisi, Gədəbəy rayonunun Düz-Rəsullu kəndində tibb məntəqəsinin tikintisi və Bakı Musiqi Akademiyasının musiqi alətləri ilə təmin edilməsi. Layihələr Yaponiya hökümətinin "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində reallaşdırılacaq.

Layihələrin ümumi dəyəri 269 622 ABŞ dolları təşkil edir.

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe bəyan edib ki, "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı Azərbaycanda 2000-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində ümumi büdcəsi təxminən 5 mln. ABŞ dolları olan 85 layihə reallaşdırılıb. Layihələr Azərbaycanda sosial sahənin, o cümlədən təhsil, səhiyyə, infrastruktur sahələrinin inkişafına yönəldilib. Azərbaycanın müstəqillik əldə etdiyi vaxt ərzində Yaponiya hökuməti bu ölkəyə 700 mln. ABŞ dollarından çox məbləğdə yardım göstərib.

Səfir bildirib ki, Yaponiya-Qafqaz gənclər dostluğu proqramının reallaşdırılması çərçivəsində Azərbaycan gənclərinin 10 nümayəndəsi yanvarın 24-dən fevralın 15-dək Yaponiyada olacaqlar.

Onun sözlərinə görə, proqramı Yaponiya hökumətinin Beynəlxalq əməkdaşlıq agentliyi maliyyələşdirir və o, inkişaf etməkdə olan ölkələrin gənclərinin qabaqcıl texnologiyalar ilə tanışlığı, eləcə də bu ölkələrin gənc nümayəndələri arasında əlaqələrin inkişafına yönəldilib. Səfər çərçivəsində Azərbaycan gənclərinin nümayəndələri Yaponiyanın uzaq bölgələrində olacaq, yaşıdları ilə görüşəcək, yapon ailələrində yaşayacaqlar.

Azərbaycanlılarla birgə Yaponiyaya Gürcüstan gənclərinin 10 nümayəndəsi də gedəcək.

Xəbər lenti

Xəbər lenti