...

Azərbaycanlı icmanın rəhbəri N.Bəhmənov: "Ermənistanın öz maraqlarını müdafiə etməsi onun işğalçılıq siyasətindən əl çəkməməsi deməkdir"

Siyasət Materials 31 Yanvar 2007 13:37 (UTC +04:00)
Azərbaycanlı icmanın rəhbəri N.Bəhmənov: "Ermənistanın öz maraqlarını müdafiə etməsi onun işğalçılıq siyasətindən əl çəkməməsi deməkdir"

"Ermənistan rəhbərliyi özünün birbaşa deyə bilmədiyi fikirləri Qarabağdakı separatçı rejim vasitəsilə dedirdir, dünyaya çatdırır. Minsk qrupu həmsədrləri isə bəzi məqamlarda ermənilərə dəstək verir, regionda hansı vaxtda nə istəyir, onu da edirlər". Bu fikirləri Trend ə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhərinin icra başçısı Nizami Bəhmənov ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatlarına münasibətini bildirərkən deyib.

N.Bəhmənov hesab edir ki, Minsk qrupu həmsədrlərinin bölgəyə sonuncu səfəri zamanı yalnız Dağlıq Qarabağın erməni icması ilə görüş keçirməsi rusiyalı həmsədrin təklifi ilə baş tutub və dünyaya mesaj vermək məqsədi güdüb: "Həmsədrlər bəyan edib ki, hər iki ölkənin prezidentləri öz maraqlarını müdafiə edirlər. Azərbaycanın mövqeyi və milli maraqları aydındır - bizim beynəlxalq hüquq normalarından kənar heç bir iddiamız yoxdur. Belə nəticə çıxır ki, Ermənistanın öz maraqlarını müdafiə etməsi onun işğalçılıq siyasətindən əl çəkməməsi deməkdir. Çünki bütün dünyaya məlumdur ki, Azərbaycan ərazilərini Ermənistanın silahlı qüvvələri işğal edib, təcavüzkar ölkə Dağlıq Qarabağı özünə birləşdirmək istəyir. Onun bu niyyəti ilə isə biz razılaşa bilmərik"-deyə N.Bəhmənov qeyd edib.

O, əlavə edib ki, bütün beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri azərbaycanlı icma ilə görüşlər keçirirlər. Azərbaycanlı icma isə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsi zamanı aktiv fəaliyyət göstərmək, zərurət yaranarsa, yaxından iştirak etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti