...

Baş Konsul Q.Osmanov: "Kareliya Respublikasının paytaxtı Petrozavodskda Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı yaradıldı"

Siyasət Materials 1 Fevral 2007 16:14 (UTC +04:00)
Baş Konsul Q.Osmanov: "Kareliya Respublikasının paytaxtı Petrozavodskda Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı yaradıldı"

Rusiya Federasiyası Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı yaradılıb. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

Qeyd edək ki, Baş Konsul Rusiya Federsiyasının Şimalı-Qərb dairəsinə səfərlər çərçivəsində Kareliya Respublikasında işgüzar səfərdə olub. Səfərin məqsədi Rusiyada yeni qanunların tətbiqi ilə bağlı soydaşlarımıza hüquqi yardımın göstərilməsi, Azərbaycan diasporunun formalaşdırılması və gücləndirilməsi prosesini sürətləndirməkdən ibarətdir. Qüdsi Osmanov bu məqsədlə Petrozavodsk şəhərində Azərbaycan diasporu ilə geniş tərkibdə görüş keçirib. Görüş zamanı azərbaycanlıların milli mədəni muxtariyyatının yaradılması qərara alınıb. 15 nəfərdən ibarət muxtariyyatın Şurası formalaşdırılıb, tərkibi təsdiq olunub. Keçmiş milis pokovniki Gülşad Gülmaliyev Muxtariyyatın sədri seçilib.

Diaspor nümayəndələri ilə görüşdə çıxış edən Qüdi Osmanov Azərbaycan Respublikası Prezidenti tərəfindən xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğı göstərilməsindən danışıb, ayrı-ayrı yerlərdə diaspor təşkilatlarının yaradılması və qücləndirilməsi barədə fikirlərini bildirib.

Q.Osmanov onu da deyib ki, hazırda Kareliyada 7 minə yaxın azərbaycanlı yaşayır.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Kareliyadaki Nümayəndəliyi və Daxili İşlər Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, Baş Konsulluğun Konsulu və hazırda Baş Konsulluğa ezam olunmuş DİN-nin pasport-qeydiyyat idarəsinin əməkdaşı soydaşlarmızın hüquqi yardım göstərilməsi məqsədilə Kareliyaya ezam olunacaq.

Xəbər lenti

Xəbər lenti