...

Teleradio Şurasının sədri: 2007-ci ilin sonuna kimi bütün verilişlərini Azərbaycan dilində yayımlamayan telekanallar bağlana bilər

Siyasət Materials 23 Fevral 2007 14:49 (UTC +04:00)
Teleradio Şurasının sədri: 2007-ci ilin sonuna kimi bütün verilişlərini Azərbaycan dilində yayımlamayan telekanallar bağlana bilər

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Milli Televiziya və Radio Şurası 2007-ci ilin sonuna kimi bütün verilişlərini Azərbaycan dilində yayımlamayan telekanalların bağlanması haqda qərar çıxara bilər. Bu barədə Trend ə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

N.Məhərrəmli qeyd edib ki, telekanalların maddi-texniki bazasını və digər imkanlarını nəzərə alaraq, bu ilin sonuna qədər onlara vaxt verilib. Bu müddət ərzində bütün telekanallarda dublyaj redaksiyaları yaradılmalı, bədii və sənədli, cizgi filmləri, yerli və xarici proqramlar yalnız Azərbaycan dilində yayımlanmalıdır.

"İTV istisna olmaqla, qalan kanalların yaşı 5 ildən çoxdur və bu müddət ərzində onlar dublyaj məsələsini həll etməli idilər. Çünki bu, Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlikdir. İndiyə qədər telekanallara bu məsələdə güzəştə getmişik, lakin indi fikrimiz var ki, bu ilin sonuna kimi tamamilə Azərbaycan dilinə keçməsələr, onlara qarşı çox ciddi tədbirlər görüləcək. Hətta həmin kanalların bağlanması barədə də qərar çıxarıla bilər. Artıq görürük ki, belə inzibati tədbirlər görülməyəndə qanuna əməl olunmur. Ona görə də bu ilin mart ayının birinci ongünlüyündə Teleradio Şurasının iclasında bu barədə qəti qərar veriləcək", -deyə N.Məhərrəmli bildirib.

Şura sədri əlavə edib ki, ingilis və rus dilində xəbərlər istisna olunmaqla, bütün növ verilişlər Azərbaycan dilində hazırlanmalı və ya tərcümə olunmalıdır. Xarici dildə olan xəbərlərdə isə ana dilində subtitrlər verilməlidir.

N.Məhərrəmlinin sözlərinə görə, dublyajla bağlı AzTV, Lider, İTV və ANS-də vəziyyət yaxşıdır, "Space" və ATV isə ilin sonuna kimi vaxt istəyib. Əsas problem isə regional kanallardadır: "Biz təklif edrik ki, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan dublyaj redaksiyası regional kanallara köməklik göstərsin. Ümumiyyətlə, ölkədə vahid mərkəzləşmiş dublyaj redaksiyası yaradılsın və bütün telekanallar onun xidmətindən istifadə etsinlər. İndiki dublyajın səviyyəsi bizi qane etmir".

Xəbər lenti

Xəbər lenti