Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Vətəndaş və İnkişaf Partiyasının dövlət qeydiyyatına alınmaması ilə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə müraciət göndərib. Müraciətdə bildirilir ki, Vətəndaş və İnkişaf Partiyası təsis qurultayı keçiriləndən sonra iki dəfə Ədliyyə Nazirliyinə sənədlərini təqdim etsə də, indiyədək partiyaya müvafiq cavab verilməyib. Sənəddə beynəlxalq qurumlardan bu problemin həllinə köməklik göstərmələri xahiş olunur. Müraciət AŞPA-nın prezidenti R.V.Lindenə, AŞPA həmməruzəçiləri T.Lloyd və A.Herkelə, Avropa Şurasının baş katibi T.Devisə, AŞ-nin Bakı nümayəndəliyinin rəhbəri D.Briborsiaya, ATƏT-in nümayəndəliyinin rəhbəri J.L.Herrero Ansolaya, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri K.Ştroxala və ABŞ-ın Azərbaycandakı səfiri E.Dersiyə göndərilib.
Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.