...

Demokratik İslahatlar Partiyası təhsil haqqında yeni qanun layihəsini ictimai müzakirəyə çıxarıb

Siyasət Materials 28 Fevral 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Demokratik İslahatlar Partiyasının təşkilatçılığı ilə fevralın 28-də təhsil haqqında yeni qanun layihəsinə həsr olunmuş toplantı keçirilib. Partiyanın sədri, millət vəkili Asim Mollazadə bildirib ki, bu qanunvericilikdə mütəxəssislərin, vətəndaş cəmiyyəti təmsilçilərinin fikir və rəyləri öz əksini tapmalıdır. A.Mollazadə Azərbaycanın Baloniya təhsil sisteminə qoşulduğunu xatırladaraq, təhsil qanununun da yeni sistemə uyğunlaşmasının vacibliyini qeyd edib.

Ekspert Rüfət Əliyev yeni qanun layihəsində Azərbaycan Konstitusiyasına zidd məqamlar olduğunu, bu sənəddə sanki təhsil sisteminin cəmiyyətdən ayrıldığını deyib. Onun fikrincə, orta təhsil müəssisələrində valideynlər çox mühüm rol oynayır və onların statusu müəyyənləşməlidir. Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov qeyd edib ki, təhsil sistemi 1992-ci ildə qəbul olunmuş qanunla idarə olunur, yeni layihəyə təkliflər isə konkretləşdirilməlidir. Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin eksperti Ülviyyə Mikayılova isə hesab edir ki, yeni qanun layihəsi çox ümumi şəkildə yazılıb və bu da gələcəkdə problemlər yaradacaq. Həmçinin layihənin bəzi müddəalarında bərabərlik hüququ pozulur, təhsil sahəsində idarəetmədə ikili yanaşmalar var. DİP-in gənclər təşkilatının rəhbəri Ramin Hacılı qeyd edib ki, layihədə milli dəyərlər anlayışına aydınlıq gətirilməli, müəllimlərin səviyyəsi Baloniya sistemi səviyyəsinə uyğunlaşmalıdır. Bakı Slavyan Universitetinin professoru Telman Cəfərov hesab edir ki, ali təhsildə indiki 4+2 sistemi faydalı deyil və əvvəlki sovet təhsil sistemi, yəni 5 illik ali təhsil daha məqəsədəuyğundur.

Professor Xaləddin İbrahimli isə qeyd edib ki, qanun layihəsində vəzifələrin "bu müvafiq icra orqanına tapşırılır" şəklində ifadə olunması orta məktəblər üzərində çoxlarının sahiblik etməsinə gətirib çıxaracaq. Ona görə də bütün vəzifələr, qaydalar konkret ünvanları ilə göstərilməlidir. X.İbrahimlinin fikrincə, məktəblərin sahibi valideynlər olmalı, ibtidai sinif 1-5-dək olmalı, 9-cu sinifdən sonra yalnız müvafiq bal toplayan şagirdlər 10-11-də oxumalı, qalanları texniki-peşə məktəblərinə göndərilməlidir. Belə olan halda ali məktəblərə qəbul işi də asanlaşar.

Xəbər lenti

Xəbər lenti