...

Nazir A.Rəhimov: "Bu il Bakıda Gənclər Sarayı tikiləcək, yeni gənclər qanunu qəbul olunacaq"

Siyasət Materials 7 Mart 2007 13:26 (UTC +04:00)
Nazir A.Rəhimov: "Bu il Bakıda Gənclər Sarayı tikiləcək, yeni gənclər qanunu qəbul olunacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007-ci ilin "Gənclər ili" elan olunması ilə əlaqədar dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçiriləcək. Bu haqda gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazirin sözlərinə görə, "Gənclər ili" çərçivəsində bu il Bakıda Gənclər Sarayı tikiləcək. Hazırda nazirlik bu sarayın harada inşa edilməsi üçün müvafiq yerləri gözdən keçirir.

Bu il həmçinin Bakıda gənclərlə bağlı bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Bundan başqa yeni gənclər qanunu qəbul olunacaq. Bu qanunda gənclərin yeni yaş həddi də müəyyən olunacaq: "Bu, tamam ayrı bir sənəd olacaq. Bildiyiniz kimi, ölkəmizdə 2005-2009-cu illəri əhatə edən "Gənclik prqoramı" qəbul olunub. Biz hazırda həmin sənəd çərçivəsində işləyirik. Lakin Gənclər Qanunu isə tamam başqa bir sənəddir. Gənclərlə bağlı 17 maddədən ibarət olan çərçivə qanunu qəbul olunmuşdu, onun hər bir maddəsi özü-özlüyündə ayrıca bir proqramdır. Ona görə də biz bu qanunu genişləndirmək istəyirik"-deyə nazir bildirib.

A.Rəhimov gənclərin yaş həddinin 35-dən 30-a endirilməsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, bütün Avropa ölkələrində gənclərin yaş həddi 25-30-dəkdir: "Bundan başqa, Gənclər və İdman Nazirliyi bəzi dövlət proqramları həyata keçirir, bu zaman görürük ki, 16 yaşlı gənclərlə 35 yaşındakı insanların maraqları ayrı-ayrıdır. Tədbirlərimizi, proqramlarımızı həyata keçirərkən çox vaxt 30-35 yaşında olanları aramızda görə bilmirik. Yəni, demək olar ki, biz onlarla işləmirik". Nazir onu da deyib ki, gənclərin yaş həddinin aşağı salınmasının hərbi xidmət haqqında qanunla bağlılığı yoxdur.

Xəbər lenti

Xəbər lenti