...

"Ombudsman haqqında" qanuna dəyişiklik ediləcək

Siyasət Materials 2 Aprel 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İnsan hüquqları, həmçinin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının bazar ertəsi keçirilən birgə iclasında "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qeyd edib ki, ombudsmanla bağlı qanunda dəyişiklik edilməsini nəzərdə tutan layihə Milli Məclisə Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsi ilə prezident İlham Əliyev tərəfindən göndərilib. Həmin layihə ilə "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya qanununun ombudsmanın fəaliyyətinin maliyyəşdirilməsini nəzərdə tutan 19. 2 maddəsində dəyişiklik nəzərdə tutulub. Dəyişikliyə əsasən, müvəkkilin fəaliyyətinin maliyyəşdirilməsi üçün ayrılan illik vəsait ötən maliyyə ilinə nisbətən azaldıla bilməz. Həmin məbləq əvvəlki il səviyyəsində saxlanıla və ya artırıla bilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov qeyd edib ki, ombudsmanın müstəqilliyinə nail olmaq üçün onun maliyyə cəhətdən müstəqil olması vacib şərtdir. Ona görə də təklif olunan dəyişiklik böyük əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra layihənin Milli Məclisin iclasında müzakirəsi qarara alınıb.

Xəbər lenti

Xəbər lenti