...

Azərbaycanın Rusiyadakı səfirliyində ikitərəfli diplomatik əlaqələrin qurulmasının 15 illiyi münasibəti tədbir keçirilib

Siyasət Materials 13 Aprel 2007 11:18 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyində ikitərəfli diplomatik əlaqələrin qurulmasının 15 illiyi münasibəti tədbir keçirilib

Rusiya, Moskva/müx. Trend R Ağayev/ Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulması münasibəti ilə aprelin 12-də ölkəmizin Moskvadakı səfirliyində təntənəli mərasim düzənlənib. Tədbirə gələn qonaqları salamlayan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu gün ölkələr arasında mövcud dostluq münasibətlərinin əsasında normativ-hüquqi baza, zəngin təcrübə, çoxəsirlik əməkdaşlığın ənənələri dayanır. Azərbaycan-Rusiya əlaqələrinin heç də asan olmayan dövr yaşadığını deyən diplomat xüsus vurğulayıb ki, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər yeni mərhələyə qədəm qoyub. Səfir qeyd edib ki, Heydər Əliyevin 1997-ci ildə ikitərəfli əməkdaşlığa dair baza sazişinin imzalanmasında böyük zəhməti olub.

Bülbüloğlu bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi 2001-ci ildən başlayıb. Həmin ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəlib. "Bütün bunların məntiqi nəticəsi odur ki, hazırda Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin yürütdükləri siyasətə görə biz qonşuluq və dostluq əlaqələrimizin bütün sahələrdə inkişafını müşahidə edirik" - deyə diplomat vurğulayıb.

Öz növbəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək bildirib ki, diplomatik əlaqələrin 15 illiyi həm də dostların bir-birini görmək və söhbət eləmək üçün gözəl fürsətdir. O qeyd edib ki, ölkə prezidentlərinin şəxsi əlaqələri, habelə dönməz siyasi kurs və səyləri hesabına görə Azərbaycan-Rusiya münasibətləri nəyinki bütün sahələrdə genişlənir, həmçinin gələcək üçün böyük perspektivlər vəd edir.

Qeyd edək ki, təntənəli mərasimdə Rusiyanın rəsmi şəxsləri, senatorlar, Dövlət Dumasının deputatları, nazirlik və idarə təmsilçiləri, habelə tanınmış ictimai xadimlər iştirak edib. Qonaqların arasında Rusiya prezidentinin müşaviri Aslanbek Aslaxanov, prezidentin köməkçisi Cahan Pollıyeva, Federasiya Şurası sədrinin müavini Svetlana Orlova, Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdkoy, müğənni İosif Kobzon, Rusiyada akkreditə olunmuş səfirlər və digərləri olub.

Xəbər lenti

Xəbər lenti