...

S.Cəlaloğlu: "İki ADP-nin olmasına yol verməyəcəyik"

Siyasət Materials 13 Aprel 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) bu ada iddia edən digər partiyanın keçirəcəyi qurultaydan sonra yenə məhkəməyə və Ədliyyə Nazirliyinə müraciət edəcək. Bu barədə Cəlaloğlu açıqlama verib.

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin aprelin 14-də qurultayı keçiriləcək. Cəlaloğlu bildirib ki, bu qanunsuz toplantının qarşısının alınması üçün Səbail rayon məhkəməsinə və Ədliyyə Nazirliyinə edilən müraciətlər nəticə verməyib. Onun sözlərinə görə, məhkəmə məsələni yubadıb, sonra şikayəti Apellyasiya Məhkəməsinə göndərib, Ədliyyə Nazirliyi isə proseslərin gedişatını izlədiyini bəyan edib.

Cəlaloğlunun fikrincə, siyasi pariyaların, hətta musiqi qruplarının dublikatının yaranması qanunların icra olunmaması, dövlət orqanlarının bu məsuliyyəti həyata keçirməməsi ilə bağlıdır: "Biz iki ADP-nin olmasına yol verməyəcəyik" - deyə Cəlaloğlu vurğulayıb.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti