...

Ekmələddin İhsanoğlu: "İKT XİN Şurasının növbəti iclasında Ermənistanın işğalını pisləyən qətnamə qəbul olunacaq"

Siyasət Materials 27 Aprel 2007 21:06 (UTC +04:00)
Ekmələddin İhsanoğlu: "İKT XİN Şurasının növbəti iclasında Ermənistanın işğalını pisləyən qətnamə qəbul olunacaq"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirləri Şurasının mayın ilk günlərində İslamabadda keçiriləcək növbəti illik toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləyən qətnamə qəbul olunacaq. Bu barədə cümə günü Bakıda İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu məldumat verib. Onun sözlərinə görə, Şuranın iclasının gündəliyinə təşkilata daxil olan müsəlman ölkələrindəki mövcud münaqişələrin həlli yollarının araşdırılması ilə bağlı məsələ də daxil edilib.

İKT-nin baş katibi bu münaqişələrin tezliklə həll olunması ilə bağlı beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin başçılarına müraciətlərin göndəriləcəyini bildirib.

Şura bundan başqa, Fələstində, Somalidə və digər müsəlman ölkələrindəki mövcud vəziyyəti, həmçinin İranın nüvə proqramı ətrafında yaranmış durumu da müzakirə edəcək.

İKT XİN Şuranın İslamabad iclasında Azərbaycan təşkilata sədrliyi Pakistana təhvil verəcək.

E.İhsanoğlu "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlib.

Konfrans cümə günü öz işini başa çatdırıb. İKT-nin baş katibi bu cür beynəlxalq konfransların keçirilməsinin ənənə halını alacağını qeyd edib.

Onun fikrincə, belə konfranslar mövzu baxımından müsəlman ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti