...

Azərbaycan İslam Konfransı Təşkilatındakı sədrliyi Pakistana təhvil verib

Siyasət Materials 15 May 2007 15:14 (UTC +04:00)
Azərbaycan İslam Konfransı Təşkilatındakı sədrliyi Pakistana təhvil verib

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycan İslam Konfransı Təşkilatındakı (İKT) sədrliyi Pakistana təhvil verib. Bu barədə İslamabaddan telefonla Azərbaycanın Pakistandakı səfirliyinin üçüncü katibi Sabir Rzayev məlumat verib.

Təhvilvermə mərasimi bu gün İslamabadda İKT xarici işlər nazirləri Şurasının 34-cü sessiyası zamanı keçirilib. Toplantıda Pakistan prezidenti Pərviz Müşərrəf də iştirak edib.

İclas zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. XİN başçısı Azərbaycanın İKT sədri qismində gördüyü işlərin nəticələrindən danışıb.

Rzayevin bildirdiyinə görə, bu gün Azərbaycanla bağlı üç qətnamənin qəbulu gözlənilir.

İKT XİN başçıları ermənilərin Azərbaycana qarşı təcavüzünü və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin məhv edilməsini pisləyən iki qətnamə qəbul edəcəklər. Üçüncü qətnamə isə iqtisadi xarakterli olacaq.

Toplatıda iştirakdan başqa Məmmədyarov bir sıra görüşlər keçirməyi planlaşdırır. Konkret olaraq Məmmədyarovun Pakistan XİN başçısı Xurşid Mahmud Kasuri və Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə təmasları nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti