...

İsveç parlamentində Güney Azərbaycanla bağlı qərar layihəsi hazırlanıb

Siyasət Materials 19 May 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İsveç dövlətinin parlamentində İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasını tələb edən qərar layihəsi hazırlanıb. Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov açıqlama verib.

O bildirib ki, AMİP İsveçin hakim partiyası olan Moderat Partiyası ilə müttəfiqdir. Bu partiyalar həm də Beynəlxalq Demokrat İttifaqında təmsil olunurlar. Moderat Partiyasının təşəbbüsü ilə İsveç parlamentində Güney Azərbaycan məsələsinin müzakirəyə çıxarılması üçün qərar layihəsi hazırlanıb. Həmin layihə artıq İsveç parlamenti tərəfindən qeydiyyata alınıb. Müzakirəyə çıxarılaraq qəbul olunacağı vaxt isə hələlik məlum deyil.

Qərar layihəsində İran hakimiyyəti qarşısında öz vətəndaşları olan azərbaycanlıların hüquqları ilə bağlı bir sıra tələblər qoyulur. Azərbaycanlıların öz ana dilində təhsil alması, ana dilində KİV-lərinin (nəşrlər, televiziya, radio və s.), həmçinin siyasi təşkilatlarının yaradılmasına imkan verilməsi, öz tarixi adət-ənənələrini yaşada bilmələri və digər bu kimi tələblər yer alıb.

Parlament bu qərarı qəbul edəcəksə, İsveç hökuməti qarşısında ölkənin təmsil olunduğu beynəlxalq və regional təşkilatlar qarşısında bu məsələni gündəmə gətirmək vəzifəsi qoyulacaq.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti