Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Dövlət başçısı Rusiya Federasiyası nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasındakı əlaqələrin hazırkı vəziyyətini müzakirə etmək və əməkdaşlığımızın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini bildirən İlham Əliyev bu münasibətlərin səviyyəsindən razılığını ifadə edib. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını və əlaqələrimizin daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu söyləyən Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb, Putinin dövlət başçımızla keçirdiyi görüşləri xatırladaraq bildirib ki, bu görüşlər zamanı əldə edilmiş razılaşmalar uğurlu nəticələr verir. Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığını yüksək qiymətləndirən nazir Rusiyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, bu əlaqələrin gələcəkdə də hər iki xalqın mənafeləri naminə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.