...

Baş katib: GUAM-ın Bakı sammitində 8 prezidentin iştirak edəcəyi gözlənilir

Siyasət Materials 6 İyun 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ İlkin məlumatlara görə, beynəlxalq təşkilat olan GUAM-ın Bakı sammitində 8 dövlət başçısının iştirak edəcəyi gözlənilir. Bu barədə çərşənbə günü telefonla Kiyevdən GUAM-ın baş katibi Valeri Çeçalaşvili məlumat verib.

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sammiti 18-19 iyun tarixlərində Bakıya təyin olunub. Çeçalaşvilinin sözlərinə görə, görüşdə ilk növbədə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna prezidentləri İlham Əliyev, Mixail Saakaşvili, Vladimir Voronin və Viktor Yuşenko iştirak edəcək.

Bundan əlavə Rumıniya, Litva, Polşa prezidentləri Trayan Basesko, Valdas Adamkus və Lex Kaçinski iştirak üçün artıq razılıq veriblər. "Bundan başqa hesab edirəm ki, Bolqarıstanın vitse-prezidenti, Yaponiyanın xarici işlər nazirinin müavini, ABŞ dövlət katibinin müavini və güman ki, Xorvatiya prezidenti Stepan Mesiç də tədbirdə olacaq",-deyə GUAM baş katibi əlavə edib. Bununla yanaşı o bildirib ki, sammitə hazırlıq və yüksəkçinli qonaqlarla məsləhətləşmələr davam edir. O, qarşıdakı günlərdə yeni adların peyda olacağına əminliyini bildirib.

GUAM formatı postsovet ölkələri tərəfindən 1999-cu ildə Strasbuqrda Avropa İttifaqı dövlət başçılarının sammitində MDB-yə alternativ olaraq yaradılıb. 1999-cu ildə Özbəkistan formata daxil olsa da, 4 il sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammitdə GUAM-ı yeni- "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" adı altında beynəlxalq təşkilat elan etmək barədə qərar qəbul olunub. Təşkilat ilkin olaraq enerji nəqli layihələrinin potensial iştirakçısı olan ölkələrin iqtisadi birliyi kimi yaradılmışdı. Tədricən onun fəaliyyətində hərbi siyasi məsələlərə, xüsusilə sülhməramlı qüvvələrin yaradılması layihəsi baxılmağa başlanıb. Bu məsələyə Bakıda keçiriləcək sammitdə baxılacağı gözlənilir.

May ayında Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski Trend ə bildirmişdi ki, MDB hüdudlarınada bizim ölkələrimizi narahat edən məsələlər ilə bağlı hər hansı bir kompromis və həllə gəlmək çox çətindir. "MDB-yə müxtəlif və tez-tez əks maraqları olan bir çox olkələr daxildir. Buna misal olaraq Ermənistan və Azərbaycanı göstərmək olar. Cəhd elə ümumi məxrəcə gəl. GUAM isə başqa məsələ - problemləri çox yaxın, yanaşmaları eyni olan 4 ölkədir, buna görə də hər hansı bir qərara gəlmək, ölkələrimiz qarşısında duran məsələləri həll etmək asandır", - deyə Volkovetski bildirib.Bakı sammitinin gündəliyi hələ ki, açıqlanmır.

Xəbər lenti

Xəbər lenti