...

Azərbaycan Prezidenti Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri ilə tanış olub

Siyasət Materials 13 İyun 2007 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, binanın fasadı yenidən qurulur. "Serb-Az" şirkəti ilə bağlanmış müqavilə əsasında işlər yüksək səviyyədə həyata keçirilir. 18 min kvadratmetrlik fasada Yunanıstanın "Etalbond" şirkətindən alınan üzlük vurulub. Təmir işlərində digər Avropa ölkələrindən alınmış materiallardan da istifadə edilir. Məsələn, fasad şüşələri Belçikadan gətirilib. Prezident Əliyev kompleksin daxilində görülmüş işlərlə də tanış olub. Bildirilib ki, 7800 tamaşaçı yeri olan salonda Çexiyadan gətirilmiş oturacaqlar, Koreyadan alınmış iki müasir tablo quraşdırılıb. Birinci və ikinci mərtəbələrə İtaliya qraniti döşənib, pilləkənlər təzələnib. Binada istilik sistemi quraşdırılıb, kondisioner sisteminin montajı artıq başa çatdırılıb. Xüsusi işıqlandırma sistemi ilə təmin edilmiş binanın əsaslı təmir və yenidənqurma işlərinə 11,6 milyon manat vəsait ayrılıb.

Xatırladaq ki, paytaxtın ən böyük tikililərdən biri olan Heydər Əliyev adına İdman-Konsert Kompleksinin inşasına 1977-ci ildə başlansa da, yalnız 1990-cı ildə istifadəyə verilib. Ötən əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış ümumi vəziyyət bu kompleksin inşasına təsirsiz ötüşməyib və tikinti işləri lazımi səviyyədə tamamlanmayıb. İndiki əsaslı təmir və yenidənqurma işlərindən sonra kompleks ən yüksək tələblərə cavab verəcək. Burada il ərzində 4-5 beynəlxalq səviyyəli yarış, 12-14 sərgi və konsert keçirilir.

Xəbər lenti

Xəbər lenti