...

Müxalifət partiyası etiraz aksiyaları keçirəcək

Siyasət Materials 25 İyun 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təşkilatın dövlət tərəfindən qərargahla təmin olunması tələbi ilə payız aylarından etibarən etiraz aksiyaları keçirməyə başlayacaq. Bu barədə bazar ertəsi Bakıda AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Onun sözlərinə görə, etiraz aksiyaları təkcə qərargah problemi ilə bağlı olmayacaq. Eyni zamanda, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin yaradılması tələbi ilə aksiyalar keçiriləcək: "Qərargah problemi ilə bağlı aksiyaları AXCP təkbaşına, digər məsələlərlə bağlı isə "Azadlıq" bloku ilə birlikdə keçirəcək".

Kərimov bildirib ki, partiya qərargahla təmin edilməsi üçün məhkəməyə müraciət edib: "Apellyasiya Məhkəməsi AXCP-nin şikayətini icraata götürüb. Lakin şikayətə nə vaxt baxılacağı məlum deyil".

AXCP sədrinin müavini qeyd edib ki, Azərbaycan məhkəmələrinin onların şikayətini təmin edəcəyinə inanmırlar. Ona görə də partiyanın əsas məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməkdir: "Yerli məhkəmə instansiyalarını keçən kimi Avropa Məhkəməsinə müraciət edəcəyik".

AXCP 1993-cü ildən etibarən "Azadlıq" qəzetinin şəhərin mərkəzində yerləşən Xəqani 33 ünvanındakı redaksiyasında məskunlaşmışdı. 2006-cı ilin noyabrında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi məhkəmənin qərarı əsasında Xəqani 33 ünvanındakı binanı "Azadlıq" qəzetindən geri alıb. Həmin dövrdən AXCP Azərbaycan Demokrat Partiyasının qərargahında məskunlaşıb.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti