...

Azərbaycanlı politoloqlar hesab edirlər ki, yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədləri açılmayacaq

Siyasət Materials 26 İyun 2007 14:11 (UTC +04:00)
Azərbaycanlı politoloqlar hesab edirlər ki, yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədləri açılmayacaq

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı qərarı rəsmi Ankara verəcək və ona görə də Vardan Oskanyan bilmədiyi məsələ haqqında danışır. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın İstanbulda səsləndirdiyi bəyanatı şərh edən Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə belə deyib.

Quluzadənin fikrincə, Türkiyə ABŞ hökuməti və ABŞ lobbisinin təzyiqləri nəticəsində sərhədləri aça bilər: "Amma bunun müqabilində də Türkiyə nəyəsə nail ola bilər. Türkiyə boş yerdən Ermənistanla sərhədlərini açmayacaq".

Sabiq dövlət müşaviri bildirib ki, Türkiyə-Ermənistan sərhədəlirin açılması məsələsi Türkiyədə hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı deyil. Bu rəsmi Ankaranın dövlət siyasətidir.

"Ermənistan Türkiyəni hələ də qondarma "erməni soyqırımı"nda ittiham edir və Azərbaycanın işğal etdiyi torpaqlarını azad etməyib. Ona görə də sərhədlər açılmayacaq", -deyə Quluzadə əlavə edib.

O qeyd edib ki, Ermənistan Rusiya ilə müttəfiq olduğuna görə sərhədlər açılmayacaq. Politoloqun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin bağlı saxlanılması Rusiyanın siyasətinin nəticəsidir: "Rusiya sərhədlərin açılmasının qəti əleyhinədir. Çünki Türkiyə NATO dövlətidir və sərhədlər açılarsa Rusiyanın forpostu olan Ermənistan NATO ölkəsi ilə iqtisadi əlaqələr qurmuş olur. Bunun nəticəsində isə Ermənistan yavaş-yavaş Rusiyadan uzaqlaşıb NATO-ya yaxınlaşa bilər. Ona görə də Moskva sərhədlərin açılmasına imkan verməyəcək".

Politoloq Rasim Musabəyov isə hesab edir ki, Türkiyənin heç bir siyasi qüvvəsi Ermənistanla ermənilərin istədiyi kimi münasibətlər qurmaq niyyətində deyil. Musabəyov vurğulayıb ki, Vardan Oskanyanın bu məsələdə nəyəsə ümid etməsi əsassızdır.

Onun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılmaması daha çox ermənilərin Türkiyəyə qarşı əsassız iddiaları ilə bağlıdır: "Ancaq Azərbaycan da Türkiyənin siyasətində əhəmiyyətli yer tutur. Hesab edirəm ki, sərhədlərin bağlı saxlanılması məsələsində ermənilərin Türkiyəyə qarşı iddialarının və Ermənistanın Dağlıq Qarabağı işğal etməsi amilinin öz çəkisi var. Amma daha çox ermənilərin Türkiyə ilə olan problemləri ilə bağlıdır. Eyni zamanda Azərbaycan torpaqlarının işğal edilməsi amili də heç də bəhanə deyil. Bu da çox böyüük səbəbdir ki, Türkiyə Ermənistana təzyiq göstərir".

Siyasi ekspert qeyd edib ki, əgər ermənilər Türkiyəyə qarşı iddialarından əl çəkərlərsə və sərhədlərin açılması məsələsi gündəmə gəlsə rəsmi Ankara bunu mütləq Azərbaycanla məsləhətləşəcək və razılaşdıracaq.

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Türkiyə XİN rəhbəri Abdulla Güllə görüşdən sonra bəyan edib ki, Türkiyə Ermənistanla sərhədləri açmalıdır. Jurnaslistlərə müsahibəsində Oskanyan iqtisadi əməkdaşlığa başlamanın mühümlüyünü qeyd edib. O, iyulun 22-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra yeni hökumətin sərhəd məsələsinə yenidən baxacağına ümidini bildirib.

Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Azərbaycan ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğal olunmasına etiraz əlaməti olaraq bağlayıb. Ankara və İrəvan arasında qondarma erməni soyqırımı ilə bağlı fikir ayrılığı mövcuddur. Rəsmi İrəvanın versiyalarına görə, bu hadisə 1915-ci ildə baş verib.

Ankara Ermənistanın Azərbayacan torpaqlarını azad etməyənə qədər sərhədlərin açılmayacağını bəyan edib. Türkiyə 1915-ci il hadisələrinin öyrənilməsi üçün birgə komissiyanın yaradılmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti