Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak edən azərbaycanlı hüquq müdafiəçiləri və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti, politoloq Eldar Namazov bir sıra görüşlər keçiriblər. Bu barədə çərşənbə axşamı telefonla AŞPA-nın yay sessiyasında iştirak etmək üçün hazırda Strasburqda olan "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib.
Namazov qeyd edib ki, hüquq müdafiəçiləri ilə birlikdə AŞPA-nın Siyasi və Monitorinq komitələrində bir sıra görüşlər keçiriblər. Namazov hesab edir ki, Monitorinq Komitəsinin növbəti iclasında Azərbaycanda mətbuata vəziyyəti ilə bağlı müəyyən reaksiya olacaq.
Onun sözlərinə görə, görüşləri davam etdirirlər və çərşənbə günü qurumun bir sıra sturuktulranını rəhbərləri, o cümlədən AŞPA prezidenti Rene van-der Lendenlə görüşəcəklər.
Namazov bildirib ki, onlar AŞPA-nın payız və qış sissiyalarının gündəliyinə Azərbaycanla bağlı məsələlərin daxil edilməsinə çalışırlar.
O vurğulayıb ki, "Azərbaycanda demokratiya gündəliyi" adlı sənəd hazırlayıblar və AŞPA-nın sturukturlarına bu sənədin qəbul olunmasını təklif edirlər. Həmin sənəd xüsusi müraciət formasında AŞPA-nın sturukturlarına təqdim olunub.
Namazovun sözlərinə görə, sənəddə AŞPA-nın qarşıdan gələn dörd plenar iclasında müzakirəsi vacib olan məsələlərlə bağlı təkliflər var: "Sənəddə qarşıdan gələn prezident seçkiləri, siyasi məhbusalarnı azad olunması, mətbuata təzyiqlərin dayandırılması, müstəqil medianın inkişaf üçün normal şəraitin yaradılması, müxalifət partiyalarının sərbəst toplaşmaq hüquqlarının bərpa olunması, Seçki Məcələsində dəyişikliklərin edilməsi və digər ciddi məsələlər öz əksini tapıb", deyə Namazov əlavə edib.
Politoloq deyib ki, Siyasi və Monitorinq komitələrində keçirdikləri görüşlərdə Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçin təyin olunması məsələsi də müzakirə olunub. Amma bu məsələ ilk növbədə komitələrdə müzakirə olunmalıdır və qurumun bürosunda gündəliyə daxil edilməlidir.