...

Rektor:Diplomatik Akademiyaya tələbə qəbuluna ilyarımdan sonra başlamaq planlaşdırılır

Siyasət Materials 26 İyul 2007 11:14 (UTC +04:00)
Rektor:Diplomatik Akademiyaya tələbə qəbuluna ilyarımdan sonra başlamaq planlaşdırılır

Trend inAzərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə müsahibəsi

- Diplomatik Akademiyanın yaradılmasından bu günə qədər hansı uğurlu layihələri qeyd edə bilərsiniz?

- Akademiyanın əsas fəaliyyəti bu günə qədər qısamüddətli, xüsusilə də həftəlik treyninq proqramlarının keçirilməsinə yönəlib. Biz bu proqramları müxtəlif ölkələr və institutlar ilə birlikdə keçiririk.

Biz artıq Amerikanın "George Town" Universiteti, "George Marshal" Mərkəzi və bir sıra digər universietlərlə birgə tədbirlər təşkil etmişik. Əsas işi Xarici İşlər Nazirliyinin əməkdaşları üçün aparırıq. Amma məqsədimiz Azərbaycanda fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün bu kimi proqramlar təşkil etməkdir.

Hazırda yeni şəraitdə yaşayırıq, bizim gənclər təkcə Azərbaycan miqyasında deyil, beynəlxalq səviyyədə də işləməlidirlər.

Əlbəttə ki, bizim diplomatlar xaricdə işləyirlər, amma mən istərdim ki, onların fəaliyyəti daha aktiv olsun. Uzun illər ABŞ-da səfir işləyərkən şahid oldum ki, bizim diplomatlar lazımi səviyyədə hazırlanmırlar. Bu təbiidir, belə ki, diplomatiya Azərbaycanda yeni sahədir və bizim kadrlar təhsillərini müxtəlif institutlarda və universitetlərdə alıblar. Əlbəttə ki, nəzəri biliklər vacibdir, lakin diplomatiya, xarici münasibətlər, təcrübi bacarıqlara yönəlmiş biliklər nüansı çox vacibdir. Bizim Akademiyanın layihələri qısamüddətli tədris proqramları ilə məhdudlaşmır. Əsas niyyətimiz yaxın zamanlarda, xüsusilə növbəti ilyarım ərzində magistr proqramı üzrə tədris müəssisəsinin açılmasıdır.

Bu, çox vacib bir işdir. Bu məqsədlə biz müxtəlif aparıcı xarici universitet və akademiyaların təcrübəsini araşdırır və gələcək birgə fəaliyyət planını hazırlayırıq.

Bu prosesin nə zaman həyata keçiriləcəyini soruşsanız, deyə bilərəm ki, ilyarımdan sonra biz magistr proqramına başlayacağıq. Burada əsas diqqət bir sıra sahələrin əhatə olunmasına yönəldiləcək, bu sahələrə beynəlxalq təhlükəsizlik və münaqişələrin həlli, enerji və enerji təhlüksizliyi, enerji fəaliyyətinin ekoloji aspektləri, hakimiyyət və idarəetmə daxildir.

- Diplomatik Akademiyaya tələbə qəbuluna nə vaxt başlamağı və bunu necə həyata keçirməyi planlaşdırırsınız?

- Tələbə qəbuluna ilyarımdan sonra başlamağı planlaşdırırıq. Ölkənin qanunlarına uyğun olaraq biz ümumi qaydalara əməl edəcəyik, lakin bəzi fərqlər olacaq. Biz xüsusi tələbləri də tətbiq etməliyik. Qeyd etdiyim kimi, biz müxtəlif ölkələrdən çoxlu tələbə gözləyirik, bu səbəbdən də qəbul prosesini beynəlxalq standartlara uyğun unifikasiya etmək lazımdır.

- Akademianın genişmiqyaslı fəaliyyəti barədə nə vaxt danışmaq olar?

- Biz hər şeyi sürətli templərlə etməliyik və əgər təşkilati məsələləri 10-15 il uzatsaq, buna güman ki, ömrümüz çatmaz (gülür - red). İş artıq başlanıb və hətta yalnız yuxarıda sadalanan treyninq proqramları ilə kifayətlənmək və magistatura proqramı sistemini yaratmamaq barədə də fikirlər söylənilib. Lakin biz Azərbaycanda bu istiqamətdə boşluq görürük. Beynəlxalq sahədə, xarici əlaqələr, diplomatiya ilə bağlı biliklər verən yaxşı tədris müəssisəsi yoxdur.

Mən Akademiyanı beynəlxalq səviyyəli tədris müəsssisəsi kimi təsəvvür edirəm.

Amma genişmiqyaslı fəaliyyət üçün lazım olan 10-15 il barədə fikirləşərək, çox uzağa getmək lazım deyil.

- Akademiyanın yerləşəcəyi yer ilə bağlı məsələ nə yerdədir? Akademiya əməkdaşlarının XİN-in binasından öz ofislərinə köçəcəyini nə vaxt gözləmək olar?

- Düşünürəm ki, il yarım ərzində biz akademiya üçün bina da tikəcəyik. Planlarımıza xüsusi şəhərciyin tikintisi də daxildir və hazırda şəhərciyin layihəsi üzərində Amerika şirkəti çalışır. İki- üç ay ərzində biz işi başa çatdırmalıyıq.

- Akademiya ilə xarici ölkələr və təşkilatlar arasında hansı əlaqələr qurulub?

- Yaxşı münqasibətlər qurulub, qurulur və qurulacaq. Əməkdaşlığın son uğurlu nümunəsindən biri bu həftə Bakıda Avropa Universitetinin İnstitutu (İtaliya) ilə birlikdə Bakıda təşkil edilən birinci beynəlxalq yay məktəbinin təşkilidir.

Üç ölkə nümayəndələrinin iştirak etdiyi tədbir Avropa Birliyinə və onun qanunvericiliyinə həsr olunub. Digər universitetlərlə də sıx əlaqə saxlayırıq. Qeyd etdiyim kimi, Vaşinqtonun "Corc Taun", Bostonun "Fletçer diplomatiya və hüquq mərkəzi", Almaniyanın "Corc Marşal" Mərkəzi, Vyananın Diplomatik Akademiyası ilə bir sıra birgə proqramlar həyata keçirilib.

Biz gələcəkdə də beynəlxalq əməkdaşlığı inkişaf etdirəcəyik. Akademiyanın mühüm tərkib hissəsi bizim pedoqoq və professorlarımızın işləyəcəyi araşdırma mərkəzi olacaq.

Bizim region bütün dünyada artıq tanınır və araşdırmaların lazımi səviyyədə təşkili çox vacib məsələdir.

- Yaxın gələcəkdə Azərbaycanın xarici siyasətində hansı istiqamətlər prioritet ola bilər?

- Azərbaycanın xarici siyasəti dünyada dəyərli bir yer tutmaq istəyi ilə bağlıdır. Bizim bütün səylərimiz müstəqilliyin möhkəmləndirilməsinə, beynəlxalq arenada layiqli görünmək istiqamətinə yönəlib. Bu sahədə böyük nailiyyətlərimiz xarici siyasət ilə bağlıdır və bu, həm siyasi, həm də iqtisadi məsələlərdə özünü göstərib. Bununla yanaşı, əlbəttə ki, çətinliklər də var. Bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu sahədə biz təəssüf ki, böyük uğurlara nail ola bilməmişik və bu, Ermənistanın sərt mövqeyi ilə əlaqədardır. Burada da Azərbaycanın xarici siyasəti çox mühüm rol oynayır, belə ki, Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsi nəticəsində bu münaqişə həll oluna bilər.

- İranın nüvə proqramı problemi ilə bağlı Azərbaycan və ABŞ-ın əməkdaşlıq yolunu necə görür və proqnozlaşdırırsınız?

- Bizim mövqeyimiz aydındır. Biz nüvə silahının yayılmasının əleyhinəyik. Bununla yanaşı, biz hər hansı bir ölkənin hərbi məqsədlər güdməyən sülhməramlı nüvə proqramına qarşı çıxa bilmərik. Buna hər bir ölkənin hüququ çatır. Mən bu məsələ və ABŞ-Azərbaycan əməkdaşlığı arasında heç bir əlaqə görmürəm. "İran faktoru" ABŞ və Azərbaycan münasitbətlərində hiss edilmir.

- Vaşinqtonda 10 il işləmiş bir səfir kimi, ABŞ-Azərbaycan əlaqələrinin perspektivini necə görürsünüz?

- Amerika Birləşmiş Ştatları ilə münasibətlər yaxşıdır. Məmnuniyyətlə qeyd edərdim ki, mənim səfir olduğum müddətdə bizim münasibətlər inkişaf edərək strateji əməkdaşlıq dərəcəsinə qədər yüksəlib. Bununla əlaqədar hesab edirəm ki, münasibətlərin davam etməsi Azərbaycanın xeyrinədir, bizim rəhbərlik bu istiqamətdə siyasət yürüdür.

ABŞ-la əlaqələr və əməkdaşlıq təkcə Azərbaycan üçün deyil, bütün region üçün çox müsbət rol oynayır. Bu, həm iqtisadi proqramlarda, həm də təhlükəsizliyin təminatı məsələlərinin müəyyən məqamlarında öz əksini tapır. Bizim ABŞ-la hərbi və təhlükəsizlik sahəsində geniş əməkdaşlıq proqramlarımız var. Bu yaxınlarda növbəti ikitərəfli dialoq keçirilib. Mənim fikrimcə, bizim münasibətlərimz yaxşıdır və onlar nəticə etibarilə möhkəmələnəcək.

Xəbər lenti

Xəbər lenti